ABŞ xarici siyasətində köklü dəyişikliklər edə bilər - İDDİA

07:00 19-05-2020 398

“SETA Washington DC” (Vaşinqton Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondu) koordinatoru Kadir Üstün soyuq müharibədən bəri dünya lideri olan ABŞ-ın yeni növ koronavirus böhranı ilə bu gücü itirdiyini iddia edib.

“Anadolu” agentliyi xəbər verir ki, əsrin ən böyük böhranı kimi təsvir olunan COVID-19 epidemiyasının 1930-cu illərdə Böyük depressiya kimi ABŞ iqtisadiyyatını sarsıtması və bunun xarici siyasətə uzunmüddətli təsiri gözlənilir.

ABŞ-da noyabr ayına planlaşdırılan prezident seçkiləri Vaşinqtonun dəyişikliklərinin formalaşmasında mühüm amil olaraq görülsə də, hazırkı prezident Donald Tramp qalib gələcəyi təqdirdə, “America First” (Öncə Amerika) ilə mübahisəli bir siyasətin prioritet olacağı gözlənilir.

Trampın Demokrat rəqibi Co Baydenin seçkilərdə qalib gələcəyi təqdirdə, ABŞ-ın beynəlxalq təsisatlardakı rolunu gücləndirmək, NATO və müttəfiqləri arasında lider mövqeyini qazanması ilə bağlı siyasət həyata keçirməsi təxmin edilir.

Bununla yanaşı, amerikalılar və Konqres seçkilərdə kimin qalib gəldiyindən asılı olmayaraq, ABŞ-ın böyük və ya bahalı xarici rollarını dəstəkləməyəcəyi barədə fikirlər var.

İddia olunur ki, Tramp ikinci dəfə prezidentlik kürsüsünə otursa, ABŞ, Rusiya, Çinin koronavirus böhranı ilə bağlı ittihamları artacaq və beynəlxalq əməkdaşlıq sona çatacaq.

1967-ci ildə iqtisadi daralma səbəbi ilə Böyük Britaniyanın Bəhreyn, Yəmən və Malayziyadan çəkilməsini xatırladan ekspertlər epidemiyanın iqtisadi dəyəri səbəbindən ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğunu köklü şəkildə dəyişdirəcəyini qeyd edirlər.

Pandemiyadan qaynaqlanan böhranın ABŞ-ın Çin ilə uzun müddətdir davam edən rəqabətini daha da ağırlaşdıracağı, İran gərginliyinin isə davam edəcəyi ehtimal olunur.

ABŞ-ın yenidən Türkiyə ilə əməkdaşlığının əhəmiyyətini düşündüyü qeyd edilir.

Çinin Yaxın Şərqdəki neft tələbatı davam edəcək, buna görə ABŞ enerji marşrutlarına nəzarət kontekstində Körfəzdə mövcud olmağa davam edəcək, lakin bunun vacib bir məsələ olmayacağı aydındır. Üstəlik, bir trilyon dollarlıq büdcə kəsiri olan ABŞ-ın müdafiə xərclərinin azalması ilə əlaqədar olaraq, Yaxın Şərqdə və digər bölgələrdə hərbi iştirakda nisbətən azalma müşahidə oluna bilər. Amerikanın xarici siyasətinin Yaxın Şərqdəki hərbi varlığını azaltmağa və Çin məsələsinə diqqət yetirməyə çalışacağı iddia edilir.