Firdovsi Umudov: “Şərif Şərifov koronavirus testi versəydi...”

12:00 20-05-2020 535

“Şərif Şərifovun koronavirusa yoluxduğunu əminliklə demək mümkün deyil”.

Bunu HerGun.Az-a Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov deyib.

O, olimpiya, dünya və Avropa çempionumuz Şərif Şərifovun koronavirusa yoluxması ilə bağlı xəbərə münasibət bildirib.

Federasiyanın sərbəst güləş üzrə vitse-prezidenti Şərifə testdən keçməyi tapşırıb:

“Mən nəinki Şəriflə, bütün güləşçilərimizin karantin vaxtı durumları ilə maraqlanıram, əlaqə saxlayıram. Dağıstandan olan digər güləşçilərimizdə hər hansı problem yoxdur. Şəriflə isə, demək olar ki, hər gün əlaqədəyəm.

Hələ Ramazan ayının əvvəllərində soyuqladığını bildirmişdi. Ona dedim ki, test versin. Amma xəstəliyi çox yüngül olduğundan, test verməyib. Heç xəstəxanada olan anası da testdən keçirilməyib. Ona görə də, onların koronavirusa yoluxduğunu tam əminliklə deyə bilmərəm. Test versəydi, bunun adi qızdırma, yoxsa koronavirus olduğunu demək olardı”.

Səbuhi Musayev