Üstü örtüklü mini meydançalarda futbol oynamaq olarmı? - “Azfar” “hə” deyir, BOS “yox”

19:40 31-05-2020 457

Nazirlər Kabineti yanında Operativ Qərargahın 29 mayda karantinin yumşaldılması ilə bağlı verdiyi qərarlardan biri açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilməsidir.

HerGun.Az xəbər verir ki, ölkəmizdə ən çox mini süni örtüklü futbol meydançaları olan “Azfar” şirkəti artıq sabahdan müştərilərini sevindirəcək.

Belə ki, qurum sosial şəbəkə hesablarında futbol oynamaq istəyənləri meydançalarına dəvət edib.

“Azfar”ın marketinq meneceri Orxan Hüseynov saytımıza açıqlamasında müştəriləri hansı yeniliklərin gözlədiyini bildirib:

“Bizim meydançaların kənarları səkkiz metrədək açıldığı üçün qapalı məkan sayılmır. Sadəcə olaraq, meydançalarımızın üstü gündən qorunmaq üçün rezin örtüklə qapadılıb. Amma bu onun qapalı məkan sayılmasına, qapalı idman zalı kateqoriyasına aid edilməsinə səbəb olmur. Ona görə də Nazirlər Kabinetinin qərarına əsasən sabahdan etibarən bütün meydançalarımız açıq olacaq.

22:00-dan sonra bizim stadionlardakı kafe mərkəzləri fəaliyyət göstərməyəcək. Çünki Nazirlər Kabineti kafelərin bu vaxtdan etibarən fəaliyyətini qadağan edib. Paltardəyişmə otaqlarımızda gigiyenik qaydalara əməl olunacaq. Onsuz da bizdə bu baxımdan heç bir problem olmayıb. Hər saatdan bir ora təmizlənir.

Maska taxmaq isə məcburiyyət deyil deyə, müştərilərdən bunu tələb etməyəcəyik. 10 nəfərdən artıq insanın toplaşıb kənardan oyunlara baxmasına icazə verməyəcəyik. Belə olarsa, işçilərimiz onları oradan uzaqlaşdıracaq. Həmçinin kafelərimizdə də bir masa ətrafında 10 nəfərdən artıq insanın oturmasına icazə verilməyəcək. Qol vurularkən isə tövsiyə edəcəyik ki, sevinclərini bir-birlərinə yaxın təmasdan qeyd etməsinlər”.

Digər kiçik süni örtüklü meydançaları olan stadionlarımız isə qərar verməkdə tərəddüd edir. Tofiq Bəhramov adına Respublika Stadionunun daxilində yerləşən, həm üstdən, həm də yanlardan açıq olan kiçik meydançaları icarəyə götürmüş “Qarabağ” hələ bu haqda qərar vermədiklərini bildirib. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun açıqlamasına diqqət yetirək:

“Bildiyiniz kimi, orda bizim aşağı yaş qruplarından ibarət komandalar məşq keçirdi. Amma aşağı liqalar ləğv olunduğundan, ora hər hansısa məşqin və ya oyunun salınması barədə qərar qəbul edilməyib”.

Bakı Olimpiya Stadionu (BOS) isə daxilində yerləşən meydançalarını müştərilərin üzünə açmayacaq. Buna səbəb stadion rəhbərliyinin həmin meydançaları qapalı məkan saymasıdır. BOS-un direktoru Cavid Qarayev bu barədə müzakirə apardıqlarını və açmayacaqlarını bildirib:

“Biz bu məsələni müzakirə etdik. Biz də istərdik ki, bu meydançaları açaq. Çünki bu meydançaların yay vaxtı kənarları açıq olur. Amma üstü örtüklü olduğu üçün onları açmaqla Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərini pozmuş olarıq”.

Göründüyü kimi, ortaya sual çıxır. Üstü örtüklü kiçik meydançalarda yarışların keçirilməsi Operativ Qərargahın “açıq havada idman yarışlarının keçirilməsi” ilə bağlı tələbini pozurmu? Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovu da danışdırdıq:

“Biz açıq havada idman yarışlarının keçirilməsinə icazə vermişik. Bu məsələyə münasibət bildirmək üçün mütəxəssis rəyinə ehtiyac var. TƏBİB-dən nümayəndə və ya Səhiyyə Nazirliyindən baş infeksionistlə stadion rəhbərliyi və ya meneceri birgə qərar verməlidirlər ki, bu meydançalarda insanların koronavirusa yoluxma riski hansı səviyyədədir. Əgər minimal səviyyədədirsə, onların fəaliyyətinə icazə verilə bilər”.

Səbuhi Musayev