Masallıda zəhərli ilanlar yaşayış evinə hücum etdilər - VİDEO

19:20 01-06-2020 394

Masallının Rüdəkənar kənd sakini İlham Əkbərova məxsus evi ilanlar basıb.

Baku.Tv xəbər verir ki, yuxuları ərşə çəkilən Əkbərovlar ailəsi dünəndən müxtəlif təsərrüfat alətləri ilə evlərini mühafizə edirlər.

Artıq 17 ilan zərərsizləşdirilib. Ən iri ilanın uzunluğu 1.3 metrə çatır. Kənd sakininin evi gölə yaxın yerləşir. 25 ildir burada yaşayan İlham Əkbərov deyir ki, əvvəllər də həyətyanı sahədə belə hadisələr olub. Amma bu qədər dəhşətli yox.

“Gördüm səs gəlir, elə bildim siçandır. Yastığımı qaldırdım, gördüm ilanlar var. Bir deyil, iki deyil. Çoxlu sayda ilan vardı. 17 ədəd ilan öldürmüşəm,”- deyə ev sahibi qeyd edir.

Bir neçə gündür, havaların isti keçməsi ilanları daha da aktivləşdirib. Məsələ ilə bağlı ev sahibi kənd icra nümayəndəliyinə, bələdiyyəyə müraciət edib.

Bu gün həyətdə dezinfeksiya işləri aparılıb. Amma Əkbərovlar ailəsi hələ də qorxu içində yaşayır.