Sumqayıtda sərt karantin rejiminin ilk günü - FOTO/VİDEO

13:20 06-06-2020 419

Bu gün ölkə ərazisində vətəndaşların küçəyə çıxması ilə bağlı tətbiq edilən məhdudiyyətin birinci günüdür. Saat 00:00-dan 8 iyun, saat 06:00-dək davam edəcək sərt karantin rejimi ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. 

HerGun.Az-ın əməkdaşı iki günlük sərt karantin rejimi ilə bağlı Sumqayıt şəhərindəki vəziyyətlə maraqlanıb.

Belə ki, aktiv yoluxma sayının azaldılması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərar əsasında tətbiq edilən məhdudiyyətlərlə bağlı şəhərin küçələrində müvafiq postlar qurulub.

Şəhərin əsas giriş-çıxışlarında, mərkəzi prospekt və küçələrində - Sülh prospekti, Heydər Əliyev prospekti, Azərbaycan prospekti, eləcə də, digər küçələrdə karantin qaydalarına tam riayət olunmasına ciddi nəzarət mövcuddur. Yalnız xüsusi icazəsi olan məhdud sayda şəxslərin küçəyə çıxmasına icazə verilir. 

Daxili İşlər Nazirliyinin (DİN) Sumqayıt Şəhər Polis İdarəsinin tabeliyində olan qurumların əməkdaşları və DİN-in Daxili Qoşunların hərbçiləri şəhərin küçə və prospektlərində xidmət aparırlar. 

Şəhərin küçələrində xidmət aparan polis əməkdaşları xidməti avtomobillər vasitəsilə elan verərək, vətəndaşları karantin rejimi çərçivəsində tətbiq edilən qaydalara əməl etməyə çağırır.

Xüsusi icazəsi olmadan küçəyə çıxan vətəndaşlar barəsində isə qanunamüvafiq protokollar tərtib olunur və zəruri tədbirlər görülür.

Könül Cəfərli