142 minə yaxın vergi ödəyicisi dövlət dəstəyi üçün müraciət etdi

13:00 08-06-2020 558

Koronavirus pandemiyasından zərərçəkmiş sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi davam edir. 

İqtisadiyyat Nazirliyindən verilən xəbərə görə, ölkə prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus pandemiyasından zərərçəkmiş 28 213 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 113 495 fərdi (mikro) sahibkar müraciət edib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 258 349 işçini əhatə edən 28 213 vergi ödəyicisi tərəfindən müraciət olunub. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 95,5 milyon manat, o cümlədən, ikinci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi (50%) 47,75 milyon manat təşkil edir. İyunun 3-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 23 532 vergi ödəyicisinə 202 903 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 86,35 milyon manat vəsaitin köçürülməsini təmin edib. 

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 113 495 vergi ödəyicisindən müraciət daxil olub, 106 043 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 61,1 milyon manat təşkil edir. İyunun 3-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi artıq 60,7 milyon manat vəsaitin 101 381 fərdi (mikro) sahibkarın bank hesabına köçürülməsini təmin edib.

Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergi ödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər.