İradə Aşumova: “Müharibə şəraitində olduğumuz üçün silah və güllə almağımıza embarqo qoyulub”

21:20 11-06-2020 429

“Azərbaycan və Ermənistan müharibə şəraitində olan ölkələr olduğu üçün bizə və onlara 5,6 kiçik çaplı tapançaların güllələri satılmır, embarqo qoyulub. Almaniya, İtaliya, İsveçrə, İngiltərə kimi ölkələr bizə bu güllələri satmırlar. Hələ o vaxtdan bizə embarqo qoyulub. Ermənilər o qədər də atıcılıqda yarışmırlar, amma biz iştirak etdiyimizdən, Azərbaycana belə güllələr lazımdır”.

Bunu HerGun.Az-a Olimpiya Oyunları və dünya birinciliklərinin üçqat mükafatçısı, atıcılıq üzrə yığmamızın baş məşqçisi İradə Aşumova deyib.

O, yığmamızın yeni növ silahlar və güllələr almaqda çətinlik çəkdiyini bildirib:

“Oğlum Ruslan Lunyov yarışlara gedəndə 1000-2000 belə güllə gətirir. Bir idmançının 5 kq-dan artıq güllə gətirməsinə icazə verilmir. Bizə 25 və 50 metr məsafədən atıcılıq yarışı keçirməyi təklif edirlər. Deyirik ki, keçirə bilərik, ancaq bütün respublikada nə bu güllələrdən, nə də o tapança-tüfənglərdən var.

1998-ci ildə Barselonadakı dünya çempionatında 25 metr məsafəyə atəşaçmada gümüş medal qazananda istehsalçı firmaya dedim ki, məndəki tapança köhnəlib, sovet vaxtından qalıb, yenisini hədiyyə verin. O vaxt da Azərbaycanda indiki kimi maliyyə yox idi ki, yeni idman silahı ala bilək və ya təmir etdirək. Təşkilatçılar da dedi ki, biz sizə yeni silah verə bilmərik, versək, lisenziyamızı əlimizdən alarlar, zavodu da bağlayarlar. Dedim ki, pulla alsaydım, elə verərdiniz ki. Düzdür, sonradan 1998-ci ilin sentyabrında almanlar baxdılar ki, nəticəm var, hədiyyə kimi göndərdilər. İndi də pul var, amma embarqoya görə ala bilmirik.

Firma özü məsləhət görüb ki, üçüncü tərəf vasitəsilə alaq. Belə də sərf etmir. İkinci tərəf bunu 2 min avroya alacaq, mənə də 3500 avroya satacaqlar. Belə nəyimə lazımdır ki?!  Yeni silahlar olmadığı üçün idmançıların da həvəsi qaçıb”.

İradə Aşumova bildirib ki, artıq dörd yeni tapança ala biliblər. O bunun qiymətlərini də açıqlayıb:

“Atıcılıq Federasiyasının prezidenti Vaqif Axundovun sayəsində Ruslan Lunyova yeni tapança alınıb. Bunu da İtaliyadan 2007 və ya 2008-ci ildə “mən ölüm, sən ölüm”lə ala bilmişik. Dörd yeni tapança aldıq. İkisi 7,65, ikisi də 5,6 ölçülüdür.

Dörd dənəsinə hər biri 1700 avrodan olmaqla 6800 avro pul verilib. Amma səhv etmirəmsə, federasiya aldığı üçün karqoda bu pula 18 və ya 36 faiz güzəşt edilmişdi.

Məhz bu 7,65-lik tapança ilə Ruslan ötən ilin sentyabrında İtaliyanın Bolonya şəhərində Avropa çempionu oldu. 2018-ci ildə İsveçrənin Tun şəhərində keçirilmiş hərbçilərin dünya çempionatında da bu tapança ilə qalib gəlib”.

Səbuhi Musayev