Asiman Qurbanlı: “Karantində o qədər videolarına baxdım ki, artıq özümdən çox onları tanıdım”

12:00 12-06-2020 438

“Bir həftə olar ki, karantindən çıxmışıq. İndi açıq havada, stadionda məşq edirik. Fitnes üçün də bizə hər cür şərait yaradılıb. Məşqimizi edirik, dayanmırıq”.

Bunu HerGun.Az-a II Avropa Oyunlarının qalibi olmuş karateçi Asiman Qurbanlı deyib.

O, üç ay müddətində zədəsini sağaltdığını bildirib:

“Zədələrimi sağaltmağa imkanım yarandı. Karantinin mənim üçün müsbət yönü bu oldu. Müalicə nə qədər yaxşı olsa da, zamanla zədənin sağalması daha yaxşıdır. Yarışa çıxmadığım üçün zədəm sağaldı. Sağ ayağım əməliyyatlıdır, solda da ağrılar vardı. Şükür Allaha, artıq sol ayağım da düzəlir.

Məşqdən sonra boş vaxtlarımızda filmlərə baxırdıq. Deyib, gülüb, əylənirdik. Novruz Bayramını ailədən kənar keçirdik. Bizim taleyimiz belədir. Həmişə toplanışlarda oluruq, bayramları ailə ilə keçirmək bəzən qismət olmur”.

Asiman rəqibləri barədə də danışıb:

“Ən çox rəqiblərimi təhlil etmək imkanım oldu. O qədər videolarına baxdım ki, artıq özümdən çox onları tanıdım. Hər məşq edəndə rəqibləri göz önünə gətirirəm.

Qalib gəlməkdə ən çətinlik çəkdiyim rəqib milliyyətcə ərəb olan Fransa karateçisi Mehdi Filalidir. Deməzdim ki, bəxt onun tərəfində olur. Sadəcə, onunla görüşlərdə üstün olsam da, öz səhvimdən uduzuram. Məsələn, ayağım tataminin xəttindən kənara çıxıb, rəqibə xal vermişəm. Xırda nüanslara fikir vermək lazımdır”.

Asiman Qurbanlı məşqçilik fəaliyyəti barədə də danışıb:

“Öz tələbələrim var. Məşqçilik edəndə kənardan tələbələrinin səhvlərini görürsən və özün də məşq edəndə məşqçinin səndən nə istədiyini başa düşə bilirsən. Belə olduğu halda, beynin ikitərəfli işləyir. Bu baxımdan, mənə məşqçilik etmək çox kömək olur. Əvvəl Ayxan Mamayev də mənimlə “Qaraqaplan” klubunda məşq keçirdi, sonra o, məşqçiliyi dayandırdı”.

Səbuhi Musayev