18 il sonra dəhşətli cinayət işinin üstü şüşə parçası sayəsində açıldı

04:40 18-06-2020 384

Türkiyənin Antalya şəhərində 18 il öncə törədilmiş cinayət işinin üstü açılıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

2002-ci ilin yanvar ayının 7-də mühafizəçi işləyən Mehmet Ali Arslan öldürülərək cəsədi sahildə basdırılıb. Həmin vaxt şübhəli qismində yaxalanan şəxs məhkəmənin qərarı ilə sərbəst buraxılıb.

Hadisə ilə bağlı jandarm qüvvələri tərəfindən xüsusi dəstə yaradılıb, şahid ifadələri, cinayət dəlilləri araşdırılıb, hadisə yerində yoxlamalar aparılıb.

Cinayət törədilmiş bölgədə aparılan araşdırmalar zamanı A.Ü. adlı şəxsin qətlin törədilməsində şübhəli olduğu qənaətinə gəlinib. Şübhəlinin 2002-ci ildən şəxsiyyət vəsiqəsini dəyişdirmədiyi və ümumiyyətlə, heç bir proseslə bağlı sənədlərindən istifadə etmədiyi üzə çıxıb. Şübhəlinin sosial-iqtisadi vəziyyətini araşdıran dəstə A.Ü.-nün 2002-ci ildən sonrakı davranışlarının gizlənmək xarakteri daşıdığını müəyyən edib, onun spirtli içki aludəçisi olduğu, yuxu problemi yaşadığı və gecələr oyanaraq spirtli içki qəbul etdiyi bəlli olub.

Jandarm qüvvələri tərəfindən saxlanılan şəxsin barmaq izi cinayət törədilən yerdə tapılan şüşə parçasının üzərindəki barmaq izi ilə üst-üstə düşüb. İfadəsində A.Ü. cinayəti törətdiyini etiraf edib.

Hadisə yaşanan zaman içkili olduğunu bildirən şəxs mərhumu onu döydüyü üçün öldürdüyünü bildirib.