Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi - FOTO

18:40 28-06-2020 413

Azərbaycanda daha bir həkim koronavirusun qurbanı olub. Belə ki, həkim anestezioloq-reanimatoloq Ceyhun Hacıyev vəfat edib.

Bu barədə millət vəkili və mərhumun tanışı Qənirə Paşayeva sosial şəbəkədə məlumat paylaşıb. O bildirib ki, C.Hacıyev təhlükəli virusa rayona yas mərasiminə gedərkən yoluxub və əlamətlər hiss ediləndən sonra xəstəxanaya yerləşdirilib:

“Ona nə qədər kömək etməyə çalışsaq da, artıq çox gec idi... Kasıb bir ailənin istedadlı övladı idi. Çalışırdı, oxuyurdu. Min bir əziyyətdən keçmişdi. 50 yaşı tamam olmamış COVİD-19-un qurbanı oldu. Əgər onun kəndə yas yerinə gedəcəyini bilsəydim, getməsinə mütləq əngəl olardım. Bu bəlaya yoluxub gəldiyində - ilk simptomlar artıq özünü biruzə verməyə başlayanda xəbərim olsaydı, onu həmin dəqiqə peşəkar həkim heyətinə çatdırardım. İcazə verməzdim saatlar itirsin.

Xəstəlik elə sürətlə irəliləmişdi ki, mənə xəbər verəndə, artıq süni tənəffüs aparatının altında belə qanda oksigenin səviyyəsi çox aşağı idi. Məlumat alan kimi 30-40 dəqiqə içində onu 1 saylı Şəhər Klinik Xəstəxanasında yerləşdirməyə nail ola bildik. O, xüsusi tənəffüs aparatına qoşulanda sevindik. (Təəsüf ki indi bu aparata ehtiyacı olanlarımız, reanimasiyada intensiv müalicə alan vətəndaşlarımız heç də az deyil.) Amma xəstəxanaya çatdırılandan 15-20 dəqiqə keçməmiş onun vəfat etməsi xəbəri ilə sarsıldıq...”

Qeyd edək ki, Ceyhun Hacıyev 1990-1997-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində təhsil alıb. 1998-2015-ci illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında həkim anestezioloq-reanimatoloq vəzifəsində çalışıb. 2015-ci ildən özəl klinikaların birində fəaliyyət göstərib.