Azərbaycan-İran sərhədində atışma: Ölən var - FOTO

09:40 30-06-2020 356

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

Bununla bağlı DSX-nin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, bu tədbirlər nəticəsində 2020-ci ilin 29 iyun tarixində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilmə­sinin qarşısı alınıb.

Həmin gün saat 23:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Aşağı Çəmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində iki nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub. Sərhəd pozucularının silahlı olmaları, üzərilərində iki ədəd kisədə yük olması müşahidə edilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.

Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, silah tətbiq olunub, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digər sərhəd pozucusu ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri qaçıb.

Əraziyə baxış zaman bir ədəd lüləsi kəsilmiş tüfəng, iki ədəd kisədə təxmini çəkisi 33 kq olan narkotikə bənzər maddə aşkar edilib.

Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.