Bakıdakı Qazaxıstan vətəndaşları ölkələrinə yola salındı

12:20 03-07-2020 359

COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 14 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 11 həmvətənimiz və bir Rusiya vətəndaşı bu gün Qazaxıstana yola salınıblar.

Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib.

Qeyd olunub ki, yola salınan vətəndaşlar hər zaman olduğu kimi, ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı testdən keçiriliblər və nəticə bütün sərnişinlərdə neqativ çıxıb.

Xatırladaq ki, cari ilin 13 may tarixindən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son iki ay ərzində ümumilikdə 109 Qazaxıstan vətəndaşı və 67 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.