Corc Floydu öldürən polislərdən biri azad edildi

08:20 06-07-2020 436

ABŞ-da qaradərili Corc Floydu öldürməkdə şübhəli bilinənlərdən biri olan sabiq polis əməkdaşı şərti azadlığa buraxılıb.

Vesti.ru xəbər verir ki, qətldə şübhəli bilinən Tu Tao 750 min dollar ödədikdən sonra həbsxanadan buraxılıb.

Qeyd edilib ki, hadisədə adı çəkilən digər iki nəfər də eyni məbləği ödədikdən sonra şərti azad edilib.

Hadisədə əsas şübhəli olan Derek Şoven lazım olan 1,25 milyon dolları ödəyə bilmədiyi üçün hələ də həbsxanadadır.

Xatırladaq ki, mayın 25-də Corc Floyd saxta əskinaslarla ödəniş şübhəsi ilə saxlanılarkən polisin kobud davranışı ilə üzləşib. Bununla bağlı sosial şəbəkələrdə yayılan videoda hüquq mühafizəçisinin afroamerikalının qoluna qandal vuraraq, onu yerə yıxması və sonra dizi ilə boynunu sıxması aydın görünür.

Kadrlarda C.Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi də əks olunub. Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb.

Bununla əlaqədar olaraq, ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar olmuşdu.