Deputat Arzu Nağıyev: “Ermənistan tərəfində çoxsaylı itkilər var” - AÇIQLAMA

11:00 14-07-2020 442

Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində gecədən etibarən vəziyyət gərginləşib. Ermənistan tərəfi D-30 haubitsaları ilə rayonun iki kəndini atəşə tutub”.

Bu barədə HerGun.Az-a açıqlamasında hazırda Tovuz rayonunda olan millət vəkili Arzu Nağıyev məlumat verib.

A.Nağıyev bildirib ki, vəziyyət gərgin olaraq qalır, intensiv atışmalar davam edir:

“Atəşkəs artıq tam şəkildə pozulub. Hər iki tərəf ağır artilleriyadan istifadə edir. Təəssüf ki, itkilərimiz var, bu barədə hələlik hər hansı konkret məlumat yoxdur. Amma bu cür intensiv atışmalar nəticəsində itkilər qaçılmazdır. Əsasən, Tovuzun Ağdam kəndini və Dondar Quşçu kəndini atəşə tutublar. Əhalinin ən çox yaşadığı və vəziyyətin gərgin olduğu bu iki kənddir”.

Millət vəkili artıq rayonun özündə də atəş səslərinin eşidildiyini deyir:

“Gecə saat 2-də özüm Ağdam kəndində olmuşam. Yaşayış məntəqələrinə, əhaliyə ağır artilleriyadan atəş açılır. Lakin şükürlər olsun ki, mülki əhali arasında itki yoxdur. Onların təhlükəsizliyi üçün qabaqlayıcı tədbirlər görülür. Azərbaycan Ordusunun bölmələri tərəfindən ermənilərə layiqli cavab verilir. Ermənistan tərəfində çoxsaylı itkilər var”.

Könül Cəfərli