İcra başçısı “Sipark” şefini məhkəməyə verir

10:12 14-04-2019 1389

Bakının Təbriz (keçmiş Çapayev) küçəsində yarım il əvvəl onlarla ev sökülərək, pilot layihə başlandığı elan edilib. Sakinlərə də tikiləcək binadan mənzillər vəd olunub.
Layihə "Sipark” inşaat firması tərəfindən həyata keçirilməlidir. Evlərindən kirayə mənzillərə köçürülən mülkiyyət sahibləri isə təşviş içindədirlər.

Şirkət rəhbəri qaçıb?

Onlar AzEuroNews.com-un Bakı bürosu ilə əlaqə saxlayaraq yarım ildir kirayədə yaşadıqlarını, dağıdılan evlərin yerində hələ də tikinti aparılmadığını söyləyiblər.
"Bir daşı daş üstünə qoymayıblar. Bu qədər vaxt ərzində ən azı binanın maketi hazır olmalıydı. Neçə aydır ki, evləri söküblər, ərazini hasarlayıblar, heç bir iş getmir. Qabağında da "Sipark”ın lövhəsi vurulub. Düzdür, bu 6-7 ay ərzində kirayə pullarımız ödənilməkdədir. Ancaq qulağımıza xoş olmayan xəbərlər gəlir. Ona görə də narahatıq ki, evsiz-eşiksiz qala bilərik”-deyə sakinlər qeyd ediblər. 
Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) başçısı Abdin Fərzəliyev
Onların eşitdiyinə görə, "Sipark” tikinti firması Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə verilib:
"Deyilənə görə, şirkətin rəhbəri aradan çıxaraq Türkiyəyə qaçıb və Nərimanov icra hakimiyyəti məhkəmədə iş qaldırıb. Bizə də dəqiq bir söz demirlər.
Evləri sökülən hər bir vətəndaşla müqavilələr bağlanıb. İndi baxırıq ki, müqavilə sənədlərinin üstündə möhür yoxdur. Qorxuruq ki, bizi aldatsınlar, o evləri də tikməsinlər, çöllərdə qalaq”.
Biz də ərazidə olarkən eyni mənzərənin şahidi olmuşuq. "Sipark” tikinti firması sökülən evlərin yerini hasarlayıb və iş getmir.
Sakinlər isə bildirirlər ki, camaat evindən çıxmaq istəmirdi. Hətta bir nəfərin mülkünü zorla yerlə-yeksan etdilər, həmin kadrlar yutub sosial şəbəkəsində var.
Binanın tikiləcəyini intizarla gözləyən sakinlər xahiş edirlər ki, məsələ aydınlıq gətirilsin, onlar da nigaran qalmasınlar.
Çünki "Sipark” rəhbərinin ölkədən qaçmasıvə RİH-nin şirkəti məhkəməyə verməsi haqda xəbərlər dolaşır və bu da camaatı narahat edir.

Şirkət rəsmisi nə demişdi?

Şirkətin rəsmisi Rizvan Abdullayev ötən il musavat.com-a bildirmişdi ki, Nərimanov Rayon İcra Hakimiyyətinin göstərişi ilə Mirəli Qaşqay və Möhsün Sənani küçələrinin kəsişməsində 16 mərtəbəli 5 girişli yaşayış kompleksi, həmçinin Təbriz küçəsi və Kazım Kazımzadə küçələrinin kəsişməsində yenə də böyük bir pilot layihənin işlərinə başlayıblar.

Ancaq 6 ay ərzində Təbriz küçəsindəki evlərindən köçürülənlər üçün daşı daş üstünə qoymayıblar. R.Abdullayev bildirib ki, köçürülən sakinlərlə 2 illik müqavilə bağlanıb.
Yada salaq ki, "Sipark” inşaat firmasının adı təkcə ev sökülməsi ilə gündəmə gəlməyib. Bundan əvvəl şirkət haqda elektron KİV-də ciddi ittihamlar səslənib.
Belə ki, müğənni Şəbnəm Əsədova (Tovuzlu) bir vaxtlar sevgilisi olan Famil adlı iş adamı tərəfindən ayrılmaq istəyəndə təhdidə məruz qalmışdı.
Sənətçi Familin istəyi ilə MTN generalı Akif Çovdarovun hüzuruna aparılmışdı və müğənniyə təzyiq göstərilmişdi.
Bakıda Şəbnəmin sevgilisi ilə Şəmkirin Düyərli kəndindən olan Seymur İsayevlə biznes ortaqlığına qərar veriblər.

Dostunu tutdurur, Şəbnəm Tovuzlunu isə…

Bir haşiyəyə çıxaq ki, "Evrostroy” tikinti şirkətində həmin vaxt Seymur İsayevlə Hacı Rafael Qarayev şərik olublar.
Həmin Seymur İsayev ki, indi "Sipark”ın rəhbəridir. Ancaq məsələnin mahiyyəti başqadır.
S.İsayevin "Evrostroy” şirkətinə həmyerlilərini şərik etmək istəməsi o dövrdə R.Qarayevin ciddi narazılığı ilə qarşılanır. Aralarında mübahisə yaranır. Kik-boks üzrə idman ustası olan R.Qarayevin şəriklikdən uzaqlaşdırmaq üçün başlanan, dava-dalaşla müşayiət olunan mübahisələr sonda "Sipark” rəhbəri S.İsayevin MTN generalı A.Çovdarova müraciəti ilə nəticələnib.
Yəni, həm müğənninin sevgilisi olmuş Famil, həm onun şəriki Seymur MTN-nin odioz generalı, çoxsaylı cinayətlərin sifarişçisi, icraçısı, həbsdə olan Akif Çovdarovla ciddi əlaqələrə malik olublar.
Mediada yazılan məlumatlarda deyilir ki, A.Çovdarov S.İsayevin tikinti şirkətini himayə edib.
A.Çovdarovun MTN əməkdaşı olan Təhmasib adlı köməkçisi S.İsayevin Nərimanov rayonu, Həsən Əliyev küçəsindəki 7 mərtəbəli ofisinin daimi qonaqlarından olub.
S.İsayev şəriki Hacı Rafael Qarayevi A.Çovdarova sifariş edəndən sonra onu vəhhabi təriqətinə pul ötürmək, bu təriqətin ardıcılı olmaq suçu ilə MTN-ə aparıblar.
Bir neçə günlük çək-çevirdən sonra şiə məzhəbinin ardıcılı olan Hacı Rəfael Qarayevdən S.İsayevlə şəriklikdən imtina etmə haqda vəd və 150 min manat pul almaqla azad ediblər.
Müğənniyə isə deyiblər ki, onu MTN-dən azad edilməsini xahiş edən Seymur İsayevdir.
Guya Seymur İsayev onun MTN tərəfindən həbs edilməsini mətbuatda və azad edilməsi üçün Akif Çovdarovdan xahiş edib.
"Sipark Qrup” bir neçə qurumdan təşkil olunmuş böyük şirkətdir. Bu şirkətin tərkibində "Sipark İnşaat”, "Sipark Turizm”, "Sipark Otelçilik”, "Sipark Əmlak”, "Sipark Media” kimi qurumlar fəaliyyət göstərir.

Pilot layihə oyunu

Yeri gəlmişkən, Nazirlər Kabinetinin qərarı qəbul ediləndən sonra adlarında "Pilot” olan Məhdud Məsuliyyətli Cəmiyyətlər yağışdan sonra göbələk kimi çıxmağa-qeydiyyata alınmağa başlayır.
Bunların da nizamnamə kapitalı 10, 20 ən insaflılarının maksimum 100 manatdır. Milyonlarla qiyməti olan "Pilot layihələr” yeni yaradılmış şirkətlərə həvalə olunur.
Bunlar "PİLOT İNŞAAT”, "PİLOT İNŞAAT-A”, "YENİ PİLOT”, "PİLOT-HƏYAT”, "PİLOT-1”, "PİLOT-2”, PİLOT-RESİDENCE ŞƏRİFZADƏ”, "PİLOT-16” Məhdud Məsuliyyətli Cəmiyyətləridir.
Mətbuatda gedən məlumatlardan da görünür ki, bəzi şirkətlər bir çox hallarda tikinti laiyhələrinin "pilot” olmasını qabardıb, bundan sui-istifadə edirlər.
Vətəndaşlarla bağlanması üçün təqdim olunan müqavilələrdə onlara 300 manat kirayə haqqı üçün aylıq vəsait verilir, yeni mənzillərin təmirli təhvil olunacağı göstərilir. 

SOS: vəkildən xəbərdarlıq

Lakin burda çox ciddi və hətta təhlükəli məqamlar var. Vəkil Cavad Cavadov yazıb:

PhotoGrid_1555227241635_1

1) Nizamnamə kapitalları 10, 20, 100 manat olan şirkətlərin Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarından sonra göbələk kimi ortaya çıxması bu prosesin qeyri-şəffaf, hər hansı müsabiqə olmadan, məmurların mülahizəsinə həll edildiyi açıq aşkar görünür;

PhotoGrid_1555227314072
2) Tikiləcək banaların vaxtında, yaxud ümumiyyətlə tikilib başa çatdırılması üçün hər hansı zəmanət yoxdur. Bununla bağlı nə dövlət zamanəti nə də ki, bank zəmanəti təqdim olunur;
3) Bakı şəhərinin daşınmaz əmlak mənzil kirayə bazarı bu həcmdə müştərinin eyni vaxtda kirayə ilə təmin etmə potensialı yoxdur və tələbin təklifi üstələməsi artıq qiymətlərin artmasına gətirib çıxartmışdır;
4) Təklif olunan 300 manat aylıq kirayə haqqı əvvəlki (xüsusi ilə Bakı şəhərinin mərkəzi rayonların) yerə və şəraitə açıq-aşkar kifayət etmir.
5) Təklif olunan kirayə haqları belə bir dəfəyə deyil, hər ay verilməsi müqavilələrdə nəzərdə tutulur və bu da əlavə təhlükələr yaradır.
Bununla belə, sakinlərin şikayətini nəzərə alaraq məsələ ilə bağlı dəqiqləşdirmələr aparırıq, "Sipark”ın və Nərimanov RİH-nin mövqeyini öyrənmək üçün etdiyimiz zənglər cavabsız qaldı. Bütün tərəfləri dinləməyə hazırıq.