Azərbaycan səfiri İtaliya mətbuatında erməni yalanlarını ifşa etdi

14:40 05-08-2020 516

Bu günlər İtaliyada erməni tərəfi baş verənlərlə bağlı həqiqətləri işıqlandıran kütləvi informasiya vasitələrinə, hadisələrə münasibətdə obyektiv mövqe tutan siyasətçilərə, tədqiqatçılara, jurnalistlərə təzyiqlər edir, məlumatlar üzərində manipulyasiya etməyə və dezinformasiya yaymağa cəhd göstərir. Həqiqətlərin İtaliya ictimaiyyətinə çatdırılması istiqamətində növbəti addımlardan biri kimi Azərbaycanın İtaliyadakı səfir Məmməd Əhmədzadənin İtaliyanın “Kmetro” xəbər portalına jurnalist Alessandro Luonqo ilə geniş müsahibəsi dərc olunub.

Bu barədə Azərbaycanın İtaliyadakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, müsahibəsində diplomat Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri, Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan dövlət sərhədi boyu Ermənistanın son hərbi avantürası, qarşı tərəfi buna təhrik edən səbəblər, o cümlədən Ermənistan tərəfinin Cənub Qaz Dəhlizinin də keçdiyi bu strateji ərazinin destabilizasiyası və önəmli nəqaliyyat infastrukturuna xələl yetirimək məqsədləri barədə danışıb. 

Səfir bildirib ki, özünü dünyaya "əzabkeş xalq" kimi təqdim edən erməni tərəfi bu imici əbədiləşdirmək üçün dünya ictimiayyətini aldadaraq, öz hərəkətlərini gizlətməyə və baş verənlərə görə Azərbaycanı ittiham etməyə cəhd göstərir. Ermənistan Tovuz rayonu kimi strateji bir əraziyə etdiyi hücumlarla əlaqəli riskləri etiraf etmək əvəzinə, Metsamor nüvə stansiyasına Azərbaycan tərəfindən mümkün xəyali hücum riskinin olduğu kimi uydurma məlumatlar yaydı.

Erməni tərəfinin bu iddialarının Azərbaycan tərəfindən dərhal rədd edilməsinə baxmayaraq, Ermənistan bu “bayraqdan” beynəlxalq həmrəylik əldə etmək məqsədilə dünyadakı erməni icmasını səfərbər etmək üçün istifadə etsə də, buna nail ola bilmədi. Üstəlik, erməni icması dünyanın müxtəlif ölkələrində Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumlar təşkil edərək, onlara ciddi xəsarət yetirdi. 

Diplomat eləcə də erməni tərəfinin Dağlıq Qarabağ münaqişəsini dünyaya dini münaqişə kimi təqdim etməyə çalışdığını, əslində bu problemlərin dini amillə heç bir əlaqəsinin olmadığını və sırf ərazi münaqişəsi olduğunu deyib. Azərbaycanın çoxmədəniyyətli ölkə, dinlərarası dialoq üçün bir model olduğunu, ölkəmizin bütün dinlərə münasibətdə açıqlığını, ölkəmizdə çoxsaylı dini abidələrin, sinaqoqların, kilsələrin, hətta Bakının mərkəzində erməni kilsəsinin bunun sübutu olduğunu, Azərbaycanda yaşayan müxtəlif dinlərə mənsub insanların etiqad azadlığının olduğunun tam təmin edildiyini bildirib. Bütün bu dəyərlərin Azərbaycan xalqının dərin tarixi köklərində olduğunu və bunun sivil dünya tərəfindən daha çox təqdir edilməli olduğunu vurğulayıb. Beynəlxalq hüququ pozan və digər xalqların mədəni irsini məhv edən monoetnik Ermənistanın bu dəyərlərlə heç bir əlaqəsinin olmadığını deyib.

Müsahibəsində diplomat eləcə də Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq əlaqələri, bunu şərtləndirən səbəblər, Azərbaycan Respublikasının Prezidentinin İtaliyaya dövlət səfəri və bu səfərin tarixi nəticələri, iki ölkə arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq gündəliyi, Azərabycan-İtaliya dostluğunun bariz nümunsi kimi COVID-19 pandemiyası dövründə qarşılıqlı həmrəylik və dəstək təşəbbüsləri barədə də danışıb.

Müsahibə ilə aşağıdakı keçidlə tanış olmaq mümkündür:

https://kmetro0.it/2020/08/03/i-valori-dellazerbaigian-intervista-allambasciatore-mammad-ahmadzada/