Beynəlxalq axtarışda olan cinayətkar Azərbaycana ekstradisiya edildi

12:20 06-08-2020 400

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən, Gürcüstan Respublikasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində ölkəmizin ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Azərbaycan Respublikasına ekstradisiya edilməsi barədə sorğu verilib.

Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Fədail Quliyevin 2017-ci ildə Bakı şəhərində Türkiyə Respublikasının vətəndaşı Kaman Eyyup Hakandan satış məqsədilə 500 min ədəd saxta aksiz markası sifariş edərək, ölkəmizdə satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən edilib və bu səbəbdən təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində beynəlxalq axtarış elan olunub.

Fədail Quliyevin Gürcüstan Respublikası ərazisində yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Gürcüstan Respublikasının Baş Prokurorluğuna sorğusu təmin edilməklə sonuncu ölkəmizə ekstradisiya edilib.