Canni De Byazi: “Günahkar mənəm”

23:20 05-09-2020 477

Millətlər Liqasının I turunda baş tutmuş Azərbaycan – Lüksemburq oyunundan (1:2) sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Canni De Byazi jurnalistlərin suallarını cavablandırıb.

HerGun.Az-ın müxbiri mətbuat konfransındakı fikirləri təqdim edir:

“İlk 10 dəqiqədə yaxşı oynamadıq. Özümüzə gələndən sonra 26-cı dəqiqədə Mahir Emreli qırmızı vərəqə aldı. Daha sonra iki axmaq qol buraxdıq. 12 məşqlə Azərbaycan millisinin çıxışına yekun qərar vermək olacağını düşünmürəm. Amma azlıqda qalan futbolçularıma sağ ol deyirəm. Onlar bacardıqlarını etdilər və hətta rəqibə 10 nəfərlə qol vura bildilər.

Komanda topu daha çox arxaya verirdi. Mən onlardan bunu tələb etməmişdim. Ramil Şeydayev çatdıra bilmirdi. Ona görə Renat Dadaşpvu onun yerinə meydana buraxdım. Araz Abdullayevi yarımmüdafiə və müdafiədə oynaya biləcəyi üçün meydana saldım. Onlar orta xətdən hücumlar qururdu. Ona görə də Adil Nağıyev əvəzləməsini həyata keçirdim.

Təmkin Xəlilzadə və Namiq Ələsgərovdan cinahlardan hücum gözləyirdik. İstədiyimiz kimi olmadı. Sonra mərkəzə üç oyunçu yığdıq ki, onların hücumlarının qarşısını kəsək. Amma bunun da xeyri olmadı. Öz qapımıza qol vurduq və penalti etdik.

Narahat olmayın, məğlubiyyətə görə yalnız özümü günahkar bilirəm. Hər zaman nəticəyə görə məsuliyyət məşqçinindir. Heç kimin üzərinə bunu atmaq fikrində deyiləm.

Mahir Emrelinin niyə belə etdiyini bilmirəm. Amma onu bilirəm ki, qırmızı vərəq almaqla bizi pis vəziyyətdə qoydu. Azərbaycan himnini öyrənməyə çalışacağam. Amma sizin diliniz çoz çətindir”.

Qeyd edək ki, millimiz dördüncü dəfə qarşılaşdığı Lüksemburqa ilk dəfə məğlub olub.

Səbuhi Musayev