Gənclər ictimai nəzarəti gücləndirəcəklər

11:40 16-09-2020 428

Azərbaycan Respublikasının Prezidentinin ictimai nəzarətin gücləndirilməsi barədə çağırışına cavab olaraq, “Koronavirus Pandemiyası ilə Mübarizədə Gənclər Təşkilatlarının Rolunun Stimullaşdırılması” layihəsi çərçivəsində gənclər təşkilatlarından ibarət İctimai Nəzarət Qrupları yaradılıb. 

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Koronavirus Pandemiyası ilə Mübarizədə Gənclər Təşkilatlarının Rolunun Stimullaşdırılması” layihəsinin məqsədi ölkəmizdə yayılmış COVID-19 virusu haqqında əhalinin maarifləndirilməsi, bununla da ölkə ərazisində yoluxma sayının minimuma endirilməsi və vətəndaşları narahat edən məsələlərin aradan qaldırılmasına dəstək olmaqdır. 

Mərhələli şəkildə fəaliyyət göstərəcək Nəzarət qrupları ilk olaraq pandemiya ilə əlaqədar təyin olunmuş qaydalara əməl edilməsi və əhalinin maarifləndirilməsi istiqamətində işlər aparacaqlar. 

Bu məqsədlə paytaxt Bakı və regionlarda 30 gənclər təşkilatının İctimai Nəzarət qrupları kimi fəaliyyətə cəlb olunması nəzərdə tutulub. İctimai Nəzarət qrupları fəaliyyətləri zamanı gigiyenik vasitələrin (maska, əlcək, spirt) və virusla mübarizə üçün təbliğat materiallarının (flayer, buklet, stiker) paylanılmasında, vətəndaşları narahat edən məsələlərin təyin edilməsində yaxından iştirak edəcəklər. Seçilmiş ərazilərin yerli idarəetmə orqanları və təhlükəsizlik strukturları ilə əməkdaşlıq edilməsi də planlaşdırılıb.