Deputatlar toplandı - Səkkiz bəndlik sənəd təsdiqləndi

15:20 24-09-2020 391

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında deputatlar Livan və Suriya ermənilərinin qeyri-qanuni olaraq Dağlıq Qarabağa köçürülməsinin beynəlxalq cinayət olduğunu vurğulayıblar.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, deputatlar buna qarşı hüquqi müstəvidə mübarizə aparmağın, müxtəlif tədbirlərin həyata keçirilməsi vacibliyini qeyd ediblər.

Daha sonra 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı müzakirə olunub.

Komitə sədri Ziyafət Əsgərov məlumat verib ki, qarşıdakı sessiyada digər qanunvericilik aktları ilə yanaşı, “Daxili qoşunlar haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanun layihələrinin də plenar iclasa təqdim olunması nəzərdə tutulub.

İclasda səkkiz bənddən ibarət iş planı təsdiqlənib.

Komitə üzvlərinin yekdil qərarı ilə baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclası yekunlaşdıran Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Milli Məclis sədri Sahibə Qafarovanın Rusiyaya səfərindən söz açıb.

O, Rusiya Federal Məclisinin Federasiya Şurasının tribunasından Qarabağın tarixinə dair faktları səsləndirdiyinə, o cümlədən, 1805-ci il Kürəkçay müqaviləsini, 1921-ci ildə Bolşevik partiyasının Qafqaz bürosu tərəfindən “Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında” qərar qəbul edildiyini rusiyalı parlamentarilərin diqqətinə çatdırdığına görə Sahibə Qafarovaya dərin minnətdarlığını ifadə edib.

“Bu faktların Rusiya Federasiya Şurasının tribunasından səslənməsi müstəqillik dövrü parlament tariximizdə ilk hadisədir”, - deyə Z.Əsgərov əlavə edib.