Kəklik üçün kim 100 manat ödəyər, özünüz düşünün?! Ekologiya Nazirliyi iddiaları təkzib edir

14:40 25-09-2020 368

Təbiəti mühafizə ilə bağlı yerli ictimai və qeyri-hökumət təşkilatlarının ayrı-ayrı nümayəndələri Ekologiya Nazirliyinin qanunsuz ovçuluqla mübarizə fəaliyyətini əsassız olaraq diskreditasiya edir, onu formal qurum adlandırır, eyni zamanda ölkədəki brakonyerliyin miqyasını şişirtməklə ictimaiyyəti çaşdırır.

Bunu Media.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, bəzi açıqlamalar və şərhlər qətiyyən həqiqəti əks etdirmir:

“Ölkədə qadağan olunmuş nadir növlər, o cümlədən ceyran və ayı brakonyerliyinin inkişaf etdiyi iddia edilir. Şübhəsiz ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da brakonyerlər var, lakin bu təzahürü heç cürə kütləvi adlandırmaq olmaz. Üstəlik, brakonyerliyə qarşı ciddi tədbirlər görülür.

Həmçinin, nəsli kəsilməkdə olan vəhşi heyvanların ovundan və ətindən yeməklərin təklif edildiyi qanunsuz restoranlardan danışılır. Bu cür yeməklərin qiymətləri belə açıqlanır, məsələn, guya çöl kəkliyi üçün 100 manat ödənməlidir. Bununla birlikdə, bu müəssisələrin harada yerləşdiyinə dair bir dəlil və ya fotoşəkil yoxdur. Bunlar yalnız populist adlandıra biləcəyimiz ümumi sözlərdir. Kəklik üçün kim 100 manat ödəyər, özünüz düşünün?! Hüquq mühafizə orqanları ilə birlikdə vaxtaşırı böyük restoranlarda reydlər keçiririk. Əvvəllər müştərilərinə vurulmuş ov yeməkləri təklif edən ictimai iaşə obyektləri, cərimələnmə qorxusu səbəbiylə bundan imtina etməli oldular”.

Reydlər və brakonyerlərə qarşı səmərəsiz mübarizə barədə tənqidlərə gəlincə, H.Əlizadə təkcə 2018-2019-cu illərdə ərəb ölkələrindən olan 20 vətəndaşın saxlanıldığını, daha sonra qanunsuz ovla əlaqədar deportasiya edildiyini bildirib.

Ekologiya Nazirliyinin nümayəndəsinin dediyinə görə onların hər biri 2000 manat cərimə olunublar. Yerli brakonyerlərə gəlincə, bu il 200-dən çox adam saxlanılıb və cərimələnib.

“Məlumatsız şəkildə, mütəxəssislərimizlə danışmadan, rəsmi məlumatlar və statistikanı dəqiqləşdirmədən ağına-bozuna baxmadan necə ittiham etmək olar?..

Qanunsuz balıq ovuna gəlincə, təkcə bu il dənizdə iri həcmli Xəzər balığının ovlanması üçün nəzərdə tutulmuş 50 000 metrdən çox sintetik balıq toru aşkarladıq və müsadirə etdik. 100-dən çox vətəndaş qanunsuz balıq ovu ittihamı ilə saxlanılıb, işləri hüquq-mühafizə orqanlarına göndərilib. Üstəlik, söhbət tilovla kiçik kefal və sazan ovlayan həvəskarlardan getmir”, - deyə H.Əlizadə bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi ölkədə yarım ildən çoxdur ki, xüsusi karantin rejiminin tətbiq edildiyini, sərhədlərin bağlı olduğunu, bu səbəbdən Azərbaycana qanunsuz ov üçün gələn əcnəbilərdən danışmağa ehtiyac olmadığını da xatırladıb.

“Fərdi ovçuluq faktları qeydə alınsa da, bu yalnız yerli əhaliyə aiddir. Ərəblər ölkəyə ov məqsədi ilə gələndə belə, bir ovçu həmişə onlarla birlikdə olur. Buna kütləvi hal demək səhvdir. Hər halda, ekoloji qeyri-hökumət təşkilatlarının üzvləri ifadələrində sübut təqdim etməlidirlər.

Üstəlik, onların brakonyerləri izləmək və ya tutmaq hüquqları yoxdur. Onların səlahiyyətlərinə yalnız video çəkilişlər və məlumatların müvafiq strukturlara ötürülməsi aiddir”, - deyə Hikmət Əlizadə sözlərini yekunlaşdırıb.