Rafael Ağayevin karyerasını davam etdirməsi üçün daha bir stimul

16:00 25-09-2020 415

Ümumdünya Karate Federasiyası (WKF) hər ilin sonunda elan etdiyi yaxşıların ən yaxşısı mükafatı olan “Grand Winners”i bu il heç kimə verməyəcək.

WKF-in saytı xəbər verir ki, Karate-1 Premyer Liqa yarışlarından bu il yalnız üçü (Paris, Dubay və Zalsburq) baş tutub.

Pandemiya ilə əlaqədar Rabat və Madriddəki analoji yarışlar ləğv olunub, Moskvadakı turnir isə dekabra təxirə salınıb. 12 kateqoriya üzrə ən yaxşı karateçiyə məhz bu yarışlarda iştiraka əsasən mükafat verildiyindən, həmin titul bu dəfə verilməyəcək.

Əvəzində WKF gələn il iki mükafatı birləşdirəcək. Belə ki, qaliblər 2020-2021-ci illərin ən yaxşısı kimi mükafatlandırılacaq. Onların mükafatlandırılması 2021-ci ilin son yarışı olan Moskvada və ya 2022-ci ilin ilk Premyer Liqa turnirində (böyük ehtimalla, Paris – S.M.) olacaq. Həmçinin, WKF 2020-2021-ci illərin qaliblərinə ikiqat mükafat verəcək.

Qeyd edək ki, ötən il bu mükafatın qalibləri Azərbaycan təmsilçilərindən Rafael Ağayev və İrina Zaretskaya olub. Onlar bu ilin yanvarında Paris Premyer Liqa yarışında mükafatlandırılıblar.

Onu da bildirək ki, Rafael Ağayevin gələn ilki Olimpiadadan sonra karyerasını bitirəcəyi gözlənilir. Lakin noyabrda altıncı dəfə dünya çempionu olmaq və məhz bu mükafatı qazanmaq üçün onun 2021-ci ilin sonunadək döyüşəcəyini ehtimal etmək olar.

Səbuhi Musayev