“Əmrahbank”ın keçmiş sahibinin qaynının qətlində şübhəlinin kimliyi bilindi

13:20 28-09-2020 616

Sentyabrın 24-də Bakının Nərimanov rayonunda “Əmrahbank”ın keçmiş sahibi, 1948-ci il təvəllüdlü Tahir Tağıyevin qaynının qətlində şübhəli bilinən şəxsin kimliyi müəyyənləşib.

HerGun.Az-a bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hazırda əməliyyatçılar şübhəlinin harada olduğunu müəyyənləşdirmək və onu cinayət məsuliyyətinə cəlb etmək üzərində iş aparırlar.

Xatırladaq ki, qətl günorta saatlarında, İbrahimpaşa Dadaşov küçəsində, 57 A ünvanında törədilib. Saat 16:00 radələrində T.Tağıyevin oğlu Nərimanov rayon polisinə zəng vuraraq atasının cəsədinin tapıldığını bildirib. Məlum olub ki, qətlə yetirilən kişi üç dəfə bıçaqlanıb və boğazı kəsilib.

Qeyd edilib ki, T.Tağıyevin yaşadığı evin blokunda quraşdırılmış müşahidə kamerasında orta boylu, gözlərinə qədər maska ​​taxmış, təxminən 30-40 yaşlarında bir kişi qurbanın dalınca binaya daxil olub. T.Tağıyev liftdən çıxıb evinin qapısını açanda həmin şəxs onu mənzilə itələyib və bıçaqlayaraq öldürüb.

Cinayətin motivinə gəldikdə, müxtəlif versiyalar hazırlanır ki, bunlardan biri də qətl hadisəsinin qurbanın iş fəaliyyəti ilə əlaqələndirilməsidir.

T.Tağıyevin təqaüddə olan polkovnik olduğu məlumdur. O, Nərimanov və Binəqədi Rayon Polis İdarəsində işləyib. Xidmətə Sovet İttifaqının dağılmasından sonra adı İqtisadi Cinayətlərə Qarşı Mübarizə olaraq dəyişdirilən Sosialist Mülkiyyət Oğurluğuna Qarşı Mübarizə İdarəsində başlayıb. Təqaüdə çıxdıqdan sonra o, yeznəsi Yunis İldırımzadənin ailəsinə məxsus, bu ilin aprel ayının sonunda ləğv olunan “Əmrahbank”da işə düzəlib. Sonuncu Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadənin qardaşıdır.

Ramella İbrahimxəlilova