Mingəçevirdə əl qumbarası tapıldı - FOTO

03:20 29-09-2020 384

2020-ci il 28 sentyabr tarixində saat 10:19-da Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Mingəçevir şəhəri, Maqomayev küçəsi 73 ünvanında əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Bununla bağlı ANAMA məlumat yayıb.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə beşmərtəbəli binanın zirzəmisinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd üzərində partladıcısı olan (UZRQM) F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
 
Əl qumbarasının ətrafında 18 kvadrat metr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.