Ceyhun Bayramov litvalı həmkarı ilə cəbhədəki vəziyyəti müzakirə etdi

22:00 29-09-2020 470

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun Litva Respublikasının Xarici İşlər naziri Linas Linkeviçyus ilə telefon danışığı baş tutub.

Bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Linas Linkəviçyus bölgədə gərginlik ilə bağlı narahatlığını ifadə edərək, atəşkəsə riayət olunmasının vacibliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistan tərəfinin yeni hərbi təcavüzünə cavab olaraq, öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində əks həmlələri həyata keçirdiyini bildirib.

Nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini və obyektlərini hədəfə aldığını litvalı həmkarının diqqətinə çatdıraraq, bunun növbəti dəfə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması halı olduğunu vurğulayıb.

Bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanın işğalçı siyasətinə son qoyulmasının zəruri olduğu qeyd edilib.