Azərbaycan ordusu 30 ən güclü ordu arasında yer alacaq - PROQNOZ

11:27 25-07-2019 559

“Global Firepower” təşkilatının tərtib etdiyi reytinqdə Azərbaycan Silahlı Qüvvələrinin (SQ) 52-ci yerə yüksəlməsi ordumuzda son bir ildə aparılan islahatlar, texniki imkanların gücləndirilməsi üçün həyata keçirilən satınalmalar və bunun da nəticəsində döyüş qabiliyyətinin artırılması ilə bağlıdır.

Bu fikirləri HerGun.Az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli “Global Firepower”in 2019-cu il üçün ən güclü orduların nı şərh edərkən deyib.

“Silahlı Qüvvələrin reytinq cədvəli bir neçə meyar üzrə müəyyən edilir. Bunlar SQ-nin texniki imkanları, nizam-intizamı, şəxsi heyətin sayı və döyüş bacarığı ilə bağlıdır. Bu dörd meyar əsas götürülür.

Əlbəttə ki, son beş ildə Azərbaycan ordusunda irimiqyaslı islahatlar keçirilib. Bu islahatlar, əsasən, ordunun komplektləşdirilməsi, yeni hərbi hissə və bölmələrin yaradılması, ordunun ən müasir texnikalarla təchiz olunması ilə bağlıdır”, - o bildirib. 

Ekspertin sözlərinə görə, bu gün Azərbaycan ordusunun silahlanmasında müasir döyüş aparmaq üçün nəzərdə tutulan texnikalar yer alıb:

“Müasir pilotsuz uçuş aparatları bu qəbildəndir. Bundan başqa, yeni raket-artilleriya bölmələri müasir texnikalarla təchiz olunub. Azərbaycan son bir neçə ildə İsrail, Rusiya və Çexiyadan raket-artilleriya bölmələrinin gücləndirilməsi üçün satınalmalar həyata keçirib. Buna Belarusdan aldığımız “Polonez” reaktiv yaylım atəşi sistemini, Çexiyadan “Dana” özüyeriyən artilleriya qurğusunu misal göstərmək olar.

Azərbaycan Silahlı Qüvvələrinin əsas bazası artıq hücum xarakterli texnikalardan ibarətdir. Bu da Azərbaycan ordusunun təyinatını, niyyətini göstərir. Dünya ölkələrinin SQ-lərinin gücünü, bacarığını, imkanlarını təhlil edən qurumlar da məhz bu məqamlara diqqət yetirirlər”. 

R.Məmmədli bu prosesin davam etdiriləcəyinə və Azərbaycan ordusunun yaxın illərdə bu siyahıda ilk 30 ölkə arasında qərarlaşağına əmin olduğunu bildirib.

Ermənistanın siyahıda 12 pillə geriləməsinə də diqqət çəkən ekspert deyib ki, bu ölkə son illərdə Rusiyanın hərbi sənaye kompleksinin dəstəyi ilə öz ordusunu bir sıra müasir texnikalarla təchiz edib:

“Lakin ordunun özündə baş verən proseslər, nizam-intizamsızlıq, döyüş bacarığının çox aşağı səviyyədə olması, mütəxəssis çatışmazlığı Ermənistan ordusunun bu reytinq cədvəlində geriləməsinə səbəb olub.

2016-cı ilin Aprel döyüşləri və sonra Ermənistanda qeydə alınan siyasi gərginliklər fonunda yaranan başıpozuqluq Ermənistan ordusunun daha da zəifləməsinə gətirib çıxarıb 

Proseslər belə davam edərsə, Ermənistan ordusu növbəti illərdə daha da geriləyəcək və bu ölkənin silahlı birləşmələrində problemlər daha da ciddi şəkil alacaq. Bu, onun göstəricisidir ki, Ermənistan ordusu artıq döyüş qabiliyyətli ordular sırasından çıxıb, yüksək rütbəli generallar arasında böyük nifaq yaranıb”.

Qeyd edək ki, 2019-cu ilin ən güclü orduları siyahısında Azərbaycan ötənilki reytinqlə müqayisədə bir pillə irəliyərək 52-ci yeri tutub. Ermənistan isə 12 pillə geriləyərək 96-cı yerdə qərarlaşıb.

Samir İsayev