Pakistan parlamenti erməni təcavüzünü pisləyən qətnaməni qəbul edib

10:40 30-10-2020 364

Milli Məclisin sədri Sahibə Qafarova Pakistan parlamentində erməni təcavüzünü pisləyən qətnamənin qəbulu ilə bağlı Milli Assambleyanın sədri Əsəd Qeysərə məktub ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, cari il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq Azərbaycan ordusunun əks-hücum əməliyyatına başlamasından sonra Milli Məclisin sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının və senatın sədrlərinə erməni təcavüzünün və işğalının qətiyyətlə pislənilməsi və Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi ilə bağlı müraciət edib.

Oktyabrın 28-də isə bu müraciətə cavab olaraq Pakistan İslam Respublikası Milli Assambleyasının plenar iclasında Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və mülki əhalisinə qarşı təcavüzünü pisləyən qətnamə qəbul edilib.

Qətnamə millət vəkili, sabiq spiker Sərdar Ayaz Sadiqin təşəbbüsü ilə Assambleyaya təqdim olunub və yekdilliklə təsdiqlənib. Bununla bağlı Milli Məclisin sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərə məktub ünvanlayıb.

Spiker məktubda Azərbaycan Respublikası Milli Məclisinin bütün üzvləri və öz adından başda Əsəd Qeysər olmaqla Pakistan Milli Assambleyasının bütün üzvlərinə dərin təşəkkürünü bildirərək, Pakistan Parlamentinin belə bir qətnamə qəbul etməsini yüksək qiymətləndirib, ədalətin təntənəsi olan bu təşəbbüsün reallaşmasını alqışlayıb.

“Müasir beynəlxalq münasibətlərdə parlament diplomatiyasının artan rolunu nəzərə alaraq hesab edirik ki, Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə və Azərbaycanın mülki əhalisinə qarşı təcavüzünü pisləyən qətnamə bu təcavüzün aradan qaldırılmasında parlament meyarının tətbiq olunması baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə məktubda qeyd olunub.