Koronavirus xəstəsinin ən yoluxucu olduğu dövr açıqlandı

11:00 30-10-2020 367

COVID-19 xəstəsi simptomların başlamasından iki gün əvvəl və xəstəliyin ilk günü maksimum yoluxucu olur.

“RİA Novosti”nin məlumatına görə, bu barədə “Rospotrebnadzor” (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik iş üzrə direktor müavini Natalya Pşeniçnaya bildirib.

Onun sözlərinə görə, insan orta hesabla simptomlar görünməzdən üç-dörd gün əvvəl (nadir hallarda yeddi gün) və xəstəliyin ilk beş günü ərzində yoluxur.

“Xəstəliyin sonrakı dövrlərində virus keçiriciliyi ehtimalı azdır”, - deyə Pşeniçnaya vurğulayıb.

O, infeksiyanın əsasən hava-damcı yolu ilə yayıldığını xatırladaraq, xəstənin söhbət əsnasında hər nəfəs verişində 200-dən çox virus hissəciklərini sərbəst buraxdığını qeyd edib.

“Maska taxmaq xəstəliyin qarşısının alınmasının ən təsirli və sadə üsuludur. Onun sayəsində yoluxmuş insan viruslar yaymaz. Eyni zamanda fərdi qoruyucu vasitə virus zərrəcikləri ilə nəfəs almanın qarşısını alır”, - deyə Pşeniçnaya əlavə edib.