Ceyhun Bayramov və İordaniyanın Xarici İşlər və Mühacir Məsələləri naziri telefonla danışıb

19:40 13-11-2020 409

2020-ci ilin 13 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və İordaniya Haşimilər Krallığının Xarici İşlər və Mühacir Məsələləri naziri Əymən Əs-Safadi arasında telefon danışığı baş tutdu.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər arasında bölgədəki son vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli bəyanatın imzalanması məsələsi ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov birgə bəyanatın beynəlxalq hüquq normaları və BMT TŞ qətnamələrinə əsaslandığını vurğulayıb.

İordaniya naziri Əymən Əs-Safadi münaqişə bölgəsində tam atəşkəs və bütün hərbi əməliyyatların dayandırılmasını elan edən razılaşmanı alqışlayıb. Bölgədə dayanıqlı sülhün təmin olunması üçün beynəlxalq hüquq normalarına hörmət edilməsinin vacibliyini qeyd edib.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.