İranın XİN başçısı Ceyhun Bayramovu Kəlbəcərin işğaldan azad olunması münasibətilə təbrik edib

23:40 25-11-2020 396

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işləri naziri Məhəmməd Cavad Zərif arasında videokonfrans formatında görüş keçirilib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov qarşı tərəfi salamlayaraq, ölkəmizin İranla faydalı əməkdaşlığını məmnunluqla qeyd edib. Nazir bu görüşün Azərbaycan Ordusunun bölmələrinin Kəlbəcərə daxil olduğu əlamətdar bir gündə keçirildiyini vurğulayıb. O, Azərbaycan tarixinin xüsusi dövründə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə verdiyi dəstəyə və səsləndirilən bəyanatlara görə İran tərəfinə təşəkkürünü ifadə edib.

Ceyhun Bayramov Azərbaycan-İran sərhədinin tam bərpa edildiyini həmsöhbətinin diqqətinə çatdırıb. Nazir Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunmasının qonşu və dost İran İslam Respublikası ilə daha da geniş əməkdaşlıq üçün yeni fürsətlər və perspektivlər yaratdığını bildirib.

İran xarici işləri naziri Məhəmməd Cavad Zərif işğal altında olan ərazilərimizin azad edilməsi, eləcə də bu gün Azərbaycan Ordusunun bölmələrinin Kəlbəcərə daxil olması münasibəti ilə öz təbriklərini çatdırıb. Nazir münaqişənin həlli ilə bağlı irəliləyişin əldə edilməsi üçün yardımçı olmağa ölkəsinin hər zaman hazır olduğunu qeyd edib.

Tərəflər əməkdaşlığın Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyası çərçivəsində davam etdirməsinin vacibliyini vurğulayıblar. Həmçinin Azərbaycan və İran arasında ikitərəfli qaydada olduğu kimi, çoxtərəfli regional formatlarda da əməkdaşlığın davam etdirməyin zəruruliyini qeyd ediblər.

Görüşdə nazirlər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, Araz çayı üzərində bir sıra birgə layihələr və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.