VTB bankda aldadılan vətəndaş bankı dələduzluq yuvasına bənzətdi

13:03 02-12-2020 736

Müştərinin adına iyirmi bir min beş yüz Amerika dolları tərtib edib imza etdirdikdən sonra on yeddi min dörd yüz dollar veriblər. Dələduzluqla üz-üzə qalan Fuad Ağayev ölkə başçısına və hüquq mühafizə orqanlarına şikayət ünvanlayıb.

Hörmətli cənab Prezident,

Qədim şərq məsələlərindən birində deyilir:

“Şəxsiyyət var qarşısında təzim edərlər, şəxsiyyət də var qarşısında baş əyərlər”.

Sizin vətən, xalq qarşısında sadalanmasına lazım gələn fədakar xidmətləriniz önündə yalnız baş əyməli olursan.

Təkcə 44 gün ərzində Qarabağ torpaqlarını erməni cəlladlarından azad etməyinizə görə belə demək mümkündür ki, Siz xalqımızın qəhrəman oğlusunuz, görkəmli qalib sərkərdəsiniz, uzaqgörən, müdrik diplomatsınız.

Əllərinə mikrofon alıb boşboğazlıq edən səriştəsiz lakin iddialı müxalifətçilər anlamalıdırlar ki, İlham Əliyevin alternativi yoxdur, bu gün bütün xalqımız onun ətrafındadır. Onun xidmətlərini görməmək və görüb dəyərləndirməmək ən azından nankorluq ola bilər. Bunu tarixi düşmənimiz ermənilər də etiraf etmək məcburiyyətindədirlər.

Hörmətli, cənab Prezident,

Siz xalqımızın rahat, firavan və əmin-arxayın yaşaması naminə mümkün olduğundan da artıq işlər görürsünüz, məmləkətimizi talançılardan, rüşvətxorlardan təmizləyir, bütün strukturlarda şəffaflığın təmin olunması məqsədilə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirirsiniz.

Lakin təəssüflə də olsa qeyd olunmalıdır ki, bir çox orqanlarda siyasi kursunuza müqavimət göstərilir, dələduzluq, zorakılıq və özbaşınalıq halları hələ də baş alıb gedir, ölkədə bilərəkdən sosial gərginlik yaradılır.

Hörmətli, cənab Prezident,

Dəyərli vaxtınızı alaraq qapınıza pənah gətirməyimə də zərurət yaradan avtomaşın almaq üçün kredit götürmək məqsədilə bankda üzləşdiyim dələduzluq və haqsızlıqdır.

Kredit almaq üçün VTB banka müraciət etməli oldum. Məni bankın Nəsimi rayonunda fəaliyyət göstərən Azadlıq filialına göndərdilər. Lizinq sənədlərim burada yəni “AZ leasinq” MMC-də tərtib olundu. İyirmi bir min beş yüz dollar almalı olduğum halda mənə cəmi 17.400 (on yeddi min dörd yüz) dollar verdilər. Mən bu haqsızlığa öz ciddi etirazımı bildirdim. Qaldırdığım üsyankarlıqdan sonra mənə 2000 manat qaytarmaq istədilər. Lakin mən götürmədim, şikayət edəcəyimi bildirdim.

Görürsünüzmü, VTB banka bank deməyə adamın dili gələrmi? Bura bankdan daha çox dələduzluq yuvasını xatırladır və istər istəməz bir sual adamı dərindən düşünməyə vadar edir.

Düşünürsən ki, görəsən bu bank kimin himayəsindədir?

Mən Azərbaycan vətəndaşı və bank müştərisi olaraq buradakı eybəcərliklər barədə cənab Prezident, Sizə habelə hüquq mühafizə orqanlarının rəhbərlərinə məlumat çatdırmağı özümə borc bildim.

Güman edirəm ki, fəaliyyətlərində və keçirdikləri əməliyyatlarda Sizə aramsız sədaqət nümunələri göstərən Baş prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti bu kimi qanunazidd çirkin əməllərə qarşı amansız mövqe nümayiş etdirəcəklər, dələduzlar layiq olduqları cəzanı alacaqlar

Cənab Prezident,

Qoy Ulu yaradanımız xalqımızın xoşbəxt gələcəyi, məmləkətimizin daha da çiçəklənməsi və qüdrətlənməsi naminə Sizə əbədi cansağlığı, dağlar ömrü bəxş etsin – Amin!

Səmimi hörmətlə: Fuad Ağayev

P.S. Qarşı tərəf kimi adları çəkilən şəxs və qurumlarında mövqeyini dinləməyə və dərc etməyə hazırıq.