Deputat: “Minsk qrupu Azərbaycanın yaratdığı reallığı aydın dərk etməlidir”

13:40 14-12-2020 376

ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri ilə görüş zamanı Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllinə məsul olan bu missiyanın fəaliyyətini, daha doğrusu 30 il ərzindəki fəaliyyətsizliyini bir daha açıq şəkildə ifadə etdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Deputat bildirib ki, cənab Prezident Azərbaycan xalqının da bu qurum haqqında düşündüklərini onlara kameralar önündə deməklə xalqla Ali Baş Komandan arasında birliyi, məsələyə yanaşmada vahid mövqeyini bir daha göstərdi:

“Ötən 30 ildə ATƏT-in Minsk qrupu məsələnin həlli istiqamətində hansı işi gördü? Sadəcə olaraq heç nə! Onların həllinə məsul olduqları işi Azərbaycan öz hərbi-siyasi gücünə həll etdi. Cəmi 44 günə. Bəs bundan sonra ATƏT-in Minsk qrupu hansı işləri görəcək və ya nə etməyi planlaşlaşdırır? Düşünürəm ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri əvvəlcə öz neytrallıqlarını qorumalıdırlar.

Əfsuslar olsun ki, biz İkinci Qarabağ müharibəsi zamanı Fransanın timsalında qərəz, təktərəfli münasibət və açıq-aşkar anti-Azərbaycan mövqe gördük. Yəqin ki, bundan sonrakı mərhələdə Fransa bu mövqeyini tamamilə dəyişəcək və ya proseslərdən kənar durmalı olacaq.

Azərbaycanın status-kvonu dəyişməsi və Qarabağ münaqişəsini həll etməsilə bölgədə tamamilə yeni reallıqlar yarandı. Minsk qrupu ölkələri bu reallıqları aydın dərk etməli və bundan sonrakı dövrdə fəaliyyətlərini buna uyğun təşkil etməlidirlər. Əslində Azərbaycan məsələnin onlar üçün çətin olan mərhələsini həll edib”.

Deputatın sözlərinə görə, Minsk qrupu xalqlar arasında münasibətin normallaşması, əlaqələrin bərpa olması, kommunikasiya xətlərinin qurulması və.s bu kimi texniki məsələlərin həlli üzrə müəyyən işlər görə bilər:

“Təbii ki, ötən dövrdəki təcrübə bizdə Minsk qrupunun fəaliyyəti haqqında kifayət qədər aydın fikir formalaşdırıb. Bundan sonrakı dövrdə isə onlar daha praqmatik olmalıdırlar. Bundan əlavə Minsk qrupunun həmsədr ölkələri ilə yanaşı üzv olan digər dövlətlər də yeni mərhələdə yaxından iştirak etməlidirlər. Bizim üçün xüsusi əhəmiyyət kəsb edən məqam isə Türkiyənin bu prosesdə aktiv rol almasıdır.

Türkiyə və Rusiya işbirliyi Qarabağ münaqişəsinin həllində vacib rol oynadı. Bundan sonrakı mərhələdə məhz Minsk qrupu çərçivəsində Türkiyənin proseslərə yaxından və aktiv qoşulması yalnız və yalnız bu regionun xeyrinə olacaq, region üçün yeni imkanlar yaradacaq”.