Körfəz ölkələrinin Qətərə qarşı üç illik blokadası aradan qalxdı

22:20 05-01-2021 320

Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, Oman, Səudiyyə Ərəbistanını özündə birləşdirən Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının zirvə toplantısında Qətərlə diplomatik böhrana son qoymaq barədə razılıq əldə olunub.

Bu barədə Al Arabiya telekanalı məlumat yayıb.

Barışıq sazişinə əsasən, körfəz ölkələri rəsmi Doha ilə münasibətləri normallaşdıracaq, bu ölkəyə qarşı tətbiq edilən blokadanı aradan qaldıracaq, Qətərlə hava məkanının, həmçinin dəniz və quru sərhədlərinin açılmasını təmin edəcək.

“Körfəz ölkələrinin liderlərinə bu cəsarətli addımlarına görə təşəkkür edirəm”, - deyə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bildirib.

Xatırladaq ki, 2017-ci ildə Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətəri terror təşkilatlarını dəstəkləməkdə və bu ərəb ölkələrində daxili sabitliyi pozmaq cəhdlərində ittiham edərək onunla diplomatik və konsulluq əlaqələrini kəsdiklərini elan ediblər.