Dövlət xidməti qadağan edilmiş polietilen torba istehsalçıları ilə görüşüb

12:20 18-01-2021 445

Polietilen torba istehsalçıları ilə görüş keçirilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat verib.

Belə ki, bu il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsinin qanunla qadağan edilməsi ilə əlaqədar mövcud vəziyyətin müzakirəsi məqsədilə polietilen torbaların iri istehsalçıları və ticarət şəbəkələrinin rəhbərləri ilə görüş keçirilib.

Görüşdə qeyd olunan məsələ ilə bağlı əmtəə bazarındakı vəziyyət müzakirə olunub, sahibkarların təklifləri dinlənilib və onlara qanunvericiliyin tələbləri izah edilib, qanun pozuntusu aşkar ediləcəyi təqdirdə, ciddi məsuliyyət tədbirlərinin görüləcəyi bildirilib.

Bundan başqa, dövlət xidməti tərəfindən polietilen torbaların idxalını həyata keçirən sahibkarların telefon nömrələrinə maarifləndirici SMS-lər də göndərilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərini qanunvericiliyin tələblərinə ciddi riayət etməyə çağırır.