Qazilərimizin müalicəsi üçün Türkiyədən mütəxəssislər gəldi - VİDEO

13:00 21-01-2021 360

Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın psixoterapevtik müalicəsinin təşkili məqsədilə yanvarın 20-də Türkiyədən dəvət olunmuş mütəxəssislər ölkəmizə gəlib.

Bu barədə Fövqaladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə gələn peşəkar klinik-psixoloq və psixoterapevtlər Vətən müharibəsi nəticəsində psixi problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasının səmərəli təşkilinə yardımçı olacaqlar.

Eyni zamanda, qazilərin, şəhid ailəsi üzvlərinin, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanların psixoterapevtik müalicəsinin təşkili məqsədilə həmin mütəxəssislərin Fövqəladə Hallar Nazirliyinin psixoloq-mütəxəssisləri ilə birgə fəaliyyət göstərməsi, həmçinin təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng edərək mütəxəssislərlə görüş vaxtını təyin edib, ödənişsiz şəkildə müvafiq psixoterapevtik yardım ala bilərlər.