“Anglo Asian Mining Plc” Qarabağdakı yataqların araşdırılmasına başlayır - FOTO

14:20 22-01-2021 484

“Anglo Asian Mining Plc” şirkəti işğaldan azad edilmiş ərazilərdəki faydalı qazıntılı yataqlarda araşdırma işlərinə başlayacaq.

Bu barədə Azərbaycanda qızıl, mis və gümüş hasil edən “Anglo-Asian Mining Plc” şirkəti məlumat verib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə və Dağlıq Qarabağda üç sahə üzrə müqavilələr - Kəlbəcər rayonunda Söyüdlü, Dağlıq Qarabağ ərazisindəki Qızıl Bulaqda və Zəngilan rayonundakı Vejnəli yatağını əhatə edən sahələr üzrə müqavilələr bərpa edilib.  

Şirkət Azərbaycan hökumətindən giriş icazəsi aldıqdan sonra bərpa edilmiş üç müqavilə sahəsinin potensialını tam qiymətləndirə biləcək.

Əlavə olaraq qeyd edilib ki, keçmişdə işğal altındakı ərazilərdə iki müqavilə sahəsi tamamilə Azərbaycan hökumətinin nəzarəti altındadır. Vurğulanıb ki, Ermənistanın işğalı zamanı hər üç müqavilə sahəsindəki mineral ehtiyatlardan qanunsuz olaraq istifadə edilib.

Son olaraq bildirilib ki, ərazidə birbaşa nəqliyyat və dəmir yolu xətlərinin qurulmasına icazə verilməsi üçün təklif irəli sürülüb. Təklif olunan nəqliyyat dəhlizi ilə şirkətin Ordubad müqavilə sahəsinə çıxışının xeyli yaxşılaşacağı qeyd edilib.

“Anglo Asian Mining Plc” şirkətinin baş direktoru Reza Vəziri müqavilə şərtlərinə uyğun olaraq, Zəngilan, Kəlbəcər rayonlarında və Dağlıq Qarabağdakı bərpa edilmiş müqavilə sahələrində Azərbaycan hökuməti ilə birgə işləyəcək. 

Nigar Məmmədova