FTB-ni bu məhsullarla Türkiyə şirkəti təmin edəcək - FOTO

11:00 25-01-2021 371

Proqram təminatı, avadanlıq və dizayn üçlüyünü birlikdə inkişaf etdirərək yenilikçi ideyaları ilə “Ağıllı və Təhlükəsiz Şəhər” texnologiyaları sahəsində dünya bazarında lider olan “Ekin Smart City Solutions” şirkəti 12 ildir ki, Azərbaycanda fəaliyyətini uğurla davam etdirir.

Şirkət həmçinin dünyanın ilk və yeganə ağıllı səyyar patrullarının ixtiraçısıdır.

Şirkət ölkəmizdə də uzun illərdir istifadə olunan və təkmilləşdirilən avadanlıqlarıyla Orta Asiya, Avropa, Şimali və Cənubi Amerikada fəaliyyət sahəsini daha da genişləndirib. Belə ki, “Ekin” şirkəti Qazaxıstan, Almaniya, Litva, Bosniya və Herseqovina, Kolumbiya və Meksikada yeni layihələrini uğurla həyata keçirib. Bununla yanaşı, ABŞ-da FTB-nin velosiped istehsalçısı Recon şirkəti ilə bağladığı müqavilə əsasında müvafiq layihəyə uyğun olaraq velosipedlərin “Bike Patrol” avadanlığı ilə təchiz edilərək müvafiq qurumun istifadəsinə verilməsi nəzərdə tutulur.

“Ekin” şirkətinin Azərbaycandakı Filialının direktoru Vüqar Salahlı, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin qəbul edilməsi ilə Azərbaycanda yüksək texnologiyaların davamlı və dayanıqlı inkişafına daha da əhəmiyyət verildiyini və hazırda Azərbaycanın bu sahənin qabaqcıl ölkələrindən biri olduğunu bildirib.

O, məqsədi daim inkişaf etmək və fərqlilik yaratmaq olan “Ekin” şirkətinin Azərbaycanda yüksək texnologiyalar sahəsində inkişafın bir parçası olmağın məsuliyyətli olduğu qədər, qürurverici olduğunu da vurğulayıb.