Ölkədə nağdsız ödənişlərin artırılması istiqamətində növbəti addım atılıb

16:40 27-01-2021 413

Ani Ödənişlər Sistemində (AÖS) “QR kod”la ödəmə funksionallığı istifadəyə verilib.

Mərkəzi Bankdan verilən məlumata əsasən, AÖS sisteminin “AniPay” mobil tətbiqi istismara verilib və bu mobil tətbiq vasitəsilə Dövlət Vergi Xidməti tərəfindən rəsmi qeydiyyata alınmış e-kassa operatorlarından pilot olaraq seçilmiş “NBA Technologies International” şirkətinin və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin iştirakı ilə Bakı şəhəri və Abşeron rayonu üzrə supermarket şəbəkələrində malların dəyərini “QR kod” vasitəsilə rahat və təhlükəsiz formada ödəmək imkanı yaradılıb.

AÖS-ün platformasında istifadə olunan “QR kod” həlli innovativ nağdsız ödəniş üsuludur. Bu ödəniş üsulunun üstünlükləri ödənişlərin birbaşa bank hesabları üzərindən aparılması və əldə olunan malların dəyərinin ödəniş kartından istifadə etmədən mobil qurğular vasitəsilə həyata keçirilməsidir.

Xüsusilə pandemiya şəraitində gündəlik ödənişlərin fiziki təmas olmadan təhlükəsiz formada həyata keçirilməsi üçün “QR kod” effektiv ödəniş həlli hesab olunur. “QR kod” ödəniş həllindən istifadə sahibkarlar üçün də əlverişli şərait yaradır. Belə ki, qəbul edilən ödəniş məbləği real rejimdə təsərrüfat subyektinin bank hesabında əks olunur ki, bu da həmin vəsaitlərdən daha səmərəli, operativ istifadə edilməsini mümkün edir.

Sistemin “QR kod” ödəniş həllindən istifadə zamanı kart ödənişləri ilə müqayisədə təsərrüfat subyektləri üçün daha əlverişli xidmət haqqı tətbiq olunmaqla nağdsız ödənişlərin qəbulu imkanı yaradılıb. Eyni zamanda, AÖS-ə inteqrasiya olunmuş bütün banklar öz mobil tətbiqlərində sözügedən “QR kod” ödəniş həllini tətbiq etməklə nağdsız ödənişlərin həyata keçirilməsi imkanını əldə ediblər.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən yaradılan Ani Ödənişlər Sistemi (AÖS) 2020-ci ilin 1 oktyabr tarixindən real rejimdə istismara verilib. Hazırda AÖS platformasına 18 bank, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və “Azərpoçt” MMC inteqrasiya olunub.