Berndə yerləşən “Qarabağ Azərbaycan” məktəbinin şagirdlərinə Xocalı ilə bağlı xüsusi dərs keçirilib – FOTO

23:40 24-02-2021 291

İsveçrə Konfederasiyasında Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində 20 fevral 2021-ci il tarixində Bern şəhərində təsis olunan və hətta koronavirus pandemiyası dövründə belə fəaliyyət göstərən “Qarabağ Azərbaycan” məktəbinin şagirdlərinə “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov və koordinasiya şurasının üzvü Leyla Bağırzadə tərəfindən xüsusi dərs keçirilib.

COVİD-19 pandemiyası ilə əlaqədar məktəbin dərslərinin onlayn rejimdə keçirilməsinə qərar verilib. Bunun nəticəsində həftə sonu keçirilən dərslərə İsveçrənin Bazel, Sürix, Soloturn və digər kantonlarında yaşayan şagirdlərin iştirak etməsi mümkün olub. Dərsdə şagirdlər ilə yanaşı valideynlər də iştirak edib. 

Dərs zamanı şagirdlərin anlayacağı dildə tarixə kiçik ekskursiya edilib, Xocalı faciəsinin səbəbi və nəticələri barədə geniş məlumat verilib, Xocalı qətliamının Ermənistanın Azərbaycan torpaqlarını işğal etmək məqsədilə apardığı işğalçılıq siyasətinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş ən dəhşətli cinayət olduğu söylənilib. Sonra Xocalı soyqırımı barəsində ətraflı məlumat verilərək şagirdlərin dərsdə iştirak etməsi üçün imkan yaradılıb və şagirdlər onları maraqlandıran məsələlər ilə əlaqədar suallar verərək aktiv şəkildə dərsdə iştirak ediblər. 

Daha sonra 44 gün davam edən Vətən Müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızın azad olunması barəsində şagirdlərə məlumat verilib. Keçirilmiş dərs zamanı Xocalı soyqırımı nəticəsində 26 ailə üzvünü itirmiş Əsli Məmmədova barəsində video çarx göstərilib. Dərsin sonunda şagirdlərin sualları cavablandırılıb və onlar dərs barəsində fikirlərini bölüşüblər.