Bizi qlobal istiləşmə, yoxsa kiçik buz dövrü gözləyir? İqlimşünasın ŞƏRHİ

15:20 25-02-2021 409

Azərbaycanda son bir neçə ildə görünməmiş dərəcədə şaxta, qar müşahidə edilir. Ümumiyyətlə anomal hava demək olar ki, bütün dünyada qeydə alınıb. Hətta Almaniyanın bir şəhərində hava bir həftə ərzində 42 dərəcəyə kimi isinib.

Rusiya Elmlər Akademiyası Yer Elmləri bölməsinin baş mütəxəssisi, coğrafiya elmləri namizədi, iqlimşünas Nina Zaytseva bununla bağlı Media.Az-a şərh verib.

O, havanın temperaturunun hətta bir həftəyə olsa belə bu qədər dəyişilməsinin mümkün olmadığını dedi.

“20 dərəcə - bəli, amma 40 mümkün deyil. Fizika qanunları var. Temperaturun kəskin şəkildə dəyişməsinə səbəb olan nədir? Atmosfer cəbhəsinin keçidi. Bu isə - fərqli temperatur və istilik tərkibli hava kütlələrini ayıran səthdir. Atmosfer fəal sistemdir, orada daim hərəkət olur. Atmosfer cəbhədə istilik fərqi 40 dərəcə ola bilməz, əks halda hər şey sadəcə “partlayar”. İki vedrə qoyun: birindi isti, digərində soyuq. Hər bir halda, istilik mübadiləsi, mikrosirkulyasiya baş verəcək”.

Mütəxəssis son bir neçə ildə belə kəskin havanın müşahidə edilmədiyi Bakının havası ilə bağlı da münasibət bildirib.

“Mənim nöqteyi-nəzərimcə təbiət əylənir (gülür-red.). Bir dəfə tanıdığım kardioloqla söhbət edirdim. Ondan soruşdum ki, həkimlər Allaha inanırlar? Tərəddüd etmədən dərhal cavab verdi: “Bəli! Hamımız İlahi qüvvədən başqa heç nə ilə izah edilə bilməyən şeyləri görürük”, - deyə o, bildirib.

Zaytseva iqlimin istiləşməsinə gəlincə hazırda doğurdan da kəskin dəyişiklik olmadan temperaturun yüksəlməsinə doğru meyl olduğunu vurğulayıb.

“Müşahidələrə görə, havanın temperaturu yüksəlir, lakin çox aşağı sürətlə”, - deyə iqlimşünas qeyd edib.