Moldovada Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı tədbir keçirilib - FOTO

11:00 26-02-2021 363

Azərbaycanın səfirliyi Moldovadakı Azərbaycanlılar Konqresi (MAK) ilə birgə paytaxt Kişineuda Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirib.

Moldovada tətbiq edilən karantin qaydalarının tələblərinə uyğun təşkil edilən tədbir Xocalı qətliamına həsr edilmiş qısametrajlı sənədli filmin nümayişi ilə başlayıb.

Tədbirdə Moldova parlamentinin Demokratiya Partiyası fraksiyasının sədri Dmitri Dyakov, Sosialistlər Partiyasının deputatları Odnostalko Vladimir və Nikita Çurkan, Moldovanın Effektiv Siyasət İnstitutunun direktoru, tarix elmləri doktoru, politoloq Vitali Andriyevski, Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin əməkdaşları, Moldovada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, habelə Bolqarıstanın səfiri, Türkiyə, Macarıstan, Rusiya, Ukrayna, Belarus səfirliklərinin diplomatları, ölkədə yaşayan türk, yəhudi, gürcü və digər icmaların nümayəndələri, azərbaycanlı və yerli tələbələr, eləcə də Moldova KİV-in bir sıra təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən deputat D.Dyakov ermənilər tərəfindən törədilmiş Xocalı faciəsini pisləyib, xalqların birgə sülh içində yaşayışının önəmindən danışıb, Moldovanın ərazi bütövlüyü məsələsinə toxunaraq xalqlarımızın oxşar faciələr yaşadığını qeyd edib, qətliamın kədərlə yad edilməsində həmrəylik nümayiş etdirib.

Tədbir zamanı politoloq V.Andriyevski öz çıxışında Moldovanın nüfuzlu ava.md xəbər səhifəsində Xocalıya dair məqaləsinin dərc edildiyini diqqətə çatdırıb, gənc nəslin Xocalı soyqırımını unutmamalı olduğunu və Moldova xalqının insanlıq əleyhinə törədilən cinayətə qarşı azərbaycanlılarla həmfikir olduğunu bildirib, ərazi bütövlüyünü bərpa edən Azərbaycanın ötən illər ərzində istər siyasi, istərsə də sosial-iqtisadi sahələrdə uğurlu inkişafına istinad edərək ölkəmizin ermənilər tərəfindən xarabalığa çevrilmiş bölgələrin sürətlə abadlaşdıracağını dilə gətirib.

Tarixçi həmçinin Azərbaycanın liderinin uzaqgörən siyasəti nəticəsində işğaldan azad edilmiş rayonlarımızda müxtəlif irimiqyaslı layihələrin həyata keçirildiyini vurğulayaraq, bu ərazilərdə yaşayacaq azərbaycanlılarla yanaşı, ermənilərin də rifahının yüksələcəyini bildirib. Bunun oxşar münaqişələr yaşayan xalqlar üçün örnək olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Deputat V.Odnostalko isə çıxışı zamanı insan amilinin hər şeydən önəmli olduğunu diqqətə çatdırıb, Xocalı faciəsinin şəxsi maraqlar naminə siyasətdə atılan səhv addımların nəticəsi olduğunu və Moldovadakı azərbaycanlı icmasının burada yaşayan digər xalqlarla birgə dinc yaşayışının örnək olduğunu vurğulayıb.

Anım tədbirində çıxış edən yəhudiəsilli deputat N.Çurkan yəhudilərə qarşı Holokost qətliamını xatırlayaraq bir xalqa qarşı törədilmiş genosidin dəhşətlərilə tanış olduğunu bildirib, keçmiş nəsillərdən qalan tarixi dəlillərin gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib, ölkə daxilində birlikdə yaşayan xalqların bir-birinə hörmət etməli olduğunu, yalnız bundan sonra sülhə nail olmağın mümkünlüyünü diqqətə çatdırıb.

Yekun nitqi ilə çıxış edən səfir Qüdsi Osmanov tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirib, Xocalı qətliamına dair həqiqətləri iştirakçıların diqqətinə çatdırıb, bu faciənin insanlıq əleyhinə törədilmiş ən ağrılı cinayətlərdən biri olduğunu bildirib və ermənilərin tarix boyu Dağlıq Qarabağla bağlı apardıqları təxribatçı siyasətdən danışıb.

Bundan əlavə, tədbirdə Türkiyə Səfirliyinin əməkdaşı öz nitqində “iki millət, bir dövlət” şüarına istinad edərək qardaş Türkiyənin ölkəmizin hər zaman yanında olduğunu vurğulayıb. Eyni zamanda MAK-ın sədri Elçin Bayramov, vətənpərvər diaspor üzvləri Maarif Rəhimov, Yasin Seyidov və Ramiz Ansarov Azərbaycan, rus və rumın dillərində çıxışlar edərək Xocalı həqiqətlərini tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirin yekunu olaraq Xocalıda baş verən faciənin Moldova Respublikasının parlamenti tərəfindən soyqırımı kimi tanınması üçün müvafiq müraciət ünvanlanmasına dair qərar verilib.

Sonda Xocalıda və Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsinə dualar oxunub, faciə qurbanlarına həsr edilmiş foto-şəkillərdən ibarət guşənin önünə tədbir iştirakçıları tərəfindən gül dəstələri qoyulub.