Danimarka rəsmilərinin diqqəti Xocalı soyqırımına cəlb edilib

14:40 26-02-2021 356

Danimarkada fəaliyyət göstərən “Vətən” cəmiyyəti Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar ölkənin siyasi rəhbərliyinə bəyanatla müraciət edib.

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

“Vətən” cəmiyyətinin sədri Səfər Sadiqinin imzası ilə Danimarkanın Baş naziri Mette Frederiksenə, Xarici İşlər naziri Jeppe Kofoda, Danimarka Parlamentinin sədri Henrik Dam Kristensenə ünvanlanan bəyanatda ölkə rəhbərliyinin diqqəti 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayın köməyi ilə Xocalıda etnik azərbaycanlılara qarşı törətdikləri dəhşətli soyqırımına cəlb edilib. Beynəlxalq hüquq normalarına və konvensiyalarına zidd olan bu dəhşətli soyqırımın arxasında Ermənistanın siyasi rəhbərliyinin dayandığı bildirilib.

Cəmiyyət beynəlxalq qanun normalarına və konvensiyalara istinadən dünya birliyini və Danimarka parlamentini Xocalıda baş verən kütləvi qırğını soyqırımı aktı kimi tanımağa çağırıb. 

Bundan başqa, “Vətən” cəmiyyəti Kopenhagenin mərkəzi “Radhusplads” meydanında aksiya keçirərək, yerli sakinlərə və turistlərə Xocalı soyqırımı ilə bağlı məlumatların əks olunduğu bukletlər paylayıb.