Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb - FOTO

17:20 26-02-2021 377

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakı Ali Neft Məktəbinin rəhbərliyi “Ana fəryadı” abidəsini ziyarət edib. Daha sonra Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş onlayn anım tədbiri keçirilib.

Bakı Ali Neft Məktəbindən verilən məlumata görə, tədbirdə çıxış edən təhsil ocağının rektoru Elmar Qasımov, AMEA Qafqazşünaslıq İnstitutunun direktor müavini Ramilə Dadaşova, BANM-nın İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdar Şahverdiyev Xocalı soyqırımının tarixi təfərrüatları ilə bağlı tədbir iştirakçılarına məlumat veriblər.

Rektor Elmar Qasımov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu “Dəmir yumruq” əks-hücum əməliyyatı keçirərək 44 gün ərzində təxminən 30 il davam edən düşmən işğalından ərazilərimizi azad etdi. Rektor qeyd edib ki, bununla da, Xocalı soyqırımı qurbanlarının həmçinin də digər şəhidlərimizin qisası alınıb.

Tədbirdə 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş, Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri kütləvi cinayətlərdən Xocalı soyqırımının antibəşəri mahiyyəti, faciənin miqyası, qəddarlığı və amansızlığı ilə seçildiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlər nəticəsində Xocalı soyqırımı haqqında dünya ictimaiyyəti daim məlumatlandırılır və müxtəlif dövlətlər tərəfindən faciəyə beynəlxalq hüquqi qiymət verilir. 

Tədbir iştirakçıları Ermənistan Respublikasının Xocalı soyqırımında olduğu kimi, 44 günlük Vətən müharibəsi dövründə də insanlıq əleyhinə cinayətlərini davam etdirdiyini vurğulayıb. Ermənistanın məqsədyönlü şəkildə hərbi əməliyyatlar keçirilən ərazidən uzaqda yerləşən şəhərləri, mülki şəxsləri, infrastrukturu ballistik raketlər və kaset bombaları ilə hədəfə alması nəticəsində 100 mülki şəxsin qətlə yetirildiyi qeyd edilib.

Daha sonra Xocalı soyqırımını və Vətən müharibəsində düşmənin məğlubiyyətini əks etdirən videoçarx nümayiş olunub.

Xatırladaq ki, bütövlükdə Xocalı faciəsi nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib. 1 275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib.