ÜST-dən COVID-19-a qarşı Hidroksixloroxin istifadə etməməklə bağlı tövsiyə

05:20 03-03-2021 368

Hidroksixloroxin (HXX) COVID-19-a qarşı profilaktik tədbir kimi istifadə edilməməlidir.

Bu tövsiyə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri tərəfindən verilib.

“İltihab əleyhinə Hidroksixloroxin dərmanı COVID-19 olmayan insanlarda infeksiyanın qarşısını almaq üçün istifadə edilməməlidir”, - deyə ÜST-ün təlimatları hazırlayan beynəlxalq ekspert qrupu bildirib.

Qeyd edilir ki, bu təcili tövsiyə 6 mindən çox insanın iştirak etdiyi altı nəzarətli araşdırmanın yüksək səviyyədə etibarlı məlumatlarına əsaslanır.

Əldə edilən dəlillərə görə, HXX “ölüm və xəstəxanaya yerləşdirmə nisbətlərinə əhəmiyyətli təsir göstərməyib”.

Eyni zamanda, mütəxəssislər hesab edir ki, bu dərman “laboratoriyada təsdiqlənmiş infeksiya hallarına əhəmiyyətli təsir göstərmir və zərərli nəticələr riskini artırır”.

Bu baxımdan ÜST-ün ekspert qrupu dərmanın “artıq tədqiqat üçün prioritet olmadığı və COVID-19-un qarşısını almaq üçün digər, daha perspektivli dərmanların qiymətləndirilməsi üçün resurslardan istifadə edilməsinin lazımlığı” qənaətinə gəlib.