Deputat: “Prezidentin ən böyük və tarixi fəaliyyəti Qarabağı işğaldan azad etməsidir”

14:20 12-04-2021 394

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti dəfə dövlətimizin başçısı seçilməsindən 3 il ötür. Parlamentin gənc deputatı və Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü kimi, iqtisadi və sosial göstəricilər, məhkəmə-hüquq sistemində, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlardan geniş danışa bilərəm. Lakin hesab edirəm ki, cənab Prezidentin ən böyük və tarixi fəaliyyəti Qarabağı işğaldan azad etməsidir”.

Bunu HerGun.Az-a açıqlamasında Milli Məclisin deputatı Kamal Cəfərov deyib.

“Bu  gün fəxr hissi ilə deyə bilərəm ki, Azərbaycan tarixdə olmadığı qədər müstəqil və güclüdür. Biz müstəqilik, sərbəstik, heç kimin vassalı deyilik. Bu gün bizim dünya ölkələri ilə bərabər hüquqa əsaslanan münasibətlərimiz var. Bu gün Azərbaycan Prezidenti regionda və dünyada yeni geosiyasi reallıq yaradıb”, - deyə millət vəkili bildirib.

K.Cəfərov əlavə edib ki, əsrlər boyu Azərbaycanlı mütəfəkkirlər milli müstəqilik və azadlıq arzusu ilə yaşayıblar, bu uğurda mübarizə aparıblar, ancaq heç vaxt buna nail ola bilməmişdilər.

“Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə biz buna nail olduq. Cənab Prezidentin həm hərbi, həm siyasi, həm diplomatiya, həm də informasiya müharibəsi sahəsində müdrik və çevik fəaliyyəti nəticəsində bu gün Qarabağ azaddır. Bu gün Qarabağı görməyən gənclər, o cümlədən mən, Qarabağa gedəcəyik”, - deyə K.Cəfərov əlavə edib.

“Azərbaycan xalqı da cənab Prezidentlə fəxr edir, qürur hissi keçirir. Cənab Prezident İlham Əliyevin prezidentliyi müddətində, Qarabağın azad olunduğu dövrdə Zəfər Parlamentinin deputatı kimi fəaliyyət göstərməkdən fəxr hissi keçirirəm”, - deyə o, bildirib.

Qeyd edək ki, 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində İlham Əliyev səslərin 86,02 faizini toplayaraq növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilib.

Aqşin Kərimov