“Zumerlər” üçün zənginləşmək imkanları daha da çətinləşib

02:20 15-04-2021 430

“Z-nəsli”n nümayəndələri – “Zumerlər” (1997-2012-ci illərdə dünyaya gəlmiş insanların ümumi adı) üçün səhmlər və istiqrazlara investisiya qoymaqla zəngin olmaq çətindir.

“Business Insider” portalının məlumatına görə, “Credit Suisse” şirkətinin analitikləri belə qənaətə gəliblər.

Ekspertlər bu insanların qazanclarının əvvəlki nəsillərə nisbətən 1/3 az olacağını hesablayıblar. Bildirilir ki, ümumilikdə onlar yalnız iki faiz nisbətində ortalama illik gəlirə arxalana bilərlər.

“Zumerlər”in maddi rifahı üçün başqa bir əngəl də koronavirus pandemiyasının yaratdığı böhran səbəbindən işsizlik problemidir. Pandemiya onlar üçün 2008-ci ilin qlobal böhranı zamanı “milleniallar” (“Y-nəsli” - 1981-1996-cı il təvəllüdlü insanlar) üçün olduğu qədər dağıdıcı ola bilər.

“Zumerlər”in əhəmiyyətli hissəsi yetkinlik yaşına böhran dövründə qədəm qoyur, buna görə də ən gənc və təcrübəsiz kimi məhz onlar risk altındadırlar.

Analitiklər bunun uzunmüddətli nəticələri ola biləcəyini xəbərdar ediblər. Stanford Universitetinin son araşdırmasına görə, böhran dövründə işə gedən məzunlar maaşlarını artırmaqda çətinlik çəkirlər.

“Milleniallar” üçün 2008-2009-cu illərdəki maliyyə böhranı kimi COVID-19 da “Z-nəsli”nin karyerasına və qazanma potensialına meydan oxuyacaq və əngəlləyəcək”, - deyə ekspertlər sözlərini yekunlaşdırıblar.