Səkkiz min abonentin qaz təchizatı yaxşılaşdırılır - FOTO

17:40 19-04-2021 456

2021-2022-ci il payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir.

“Azəriqaz” İstehsalat Birliyindən HerGun.Az-a verilən məlumata əsasən, görülən işlər çərçivəsində daha bir ərazidə səkkiz min abonentin qaz təchizatı xeyli yaxşılaşdırılacaq.

Belə ki, Qaradağ rayonu, Sahil qəsəbəsini təbii qazla təmin edən istismar müddəti başa çatmış qaz kəməri yenisi ilə əvəz edilir. İşin həcmi böyük olduğundan əraziyə çox sayda işçi qüvvəsi, maşın-mexanizmlər cəlb olunub.

Diametri 325 mm olan 500 metr uzunluğunda yeni qaz xəttinin çəkilişinin aprel ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulub.

Bu gecə Nəsimi rayonu ərazisində Kövkəb Səfərəliyeva küçəsinin digər küçələrlə kəsişməsində iş davam etdirilib. 28 May küçəsində yol qazılaraq yeni polietilen qaz kəməri yeraltına salınmaqla qaz təchizatının vaxtında bərpası nəzərdə tutulub. Lakin qazıntı aparılarkən müxtəlif formada maneələr ortalığa çıxıb. Birliyin əməkdaşları armatur arakəsmələr aşkarlandığı üçün qazıntının yerini dəyişməyə məcbur olub. Təxirəsalınmaz tədbirlər görülməklə iş başa çatdırılıb və hazırda qeyd edilən ərazidə nəqliyyatın hərəkəti bərpa olunub.