“Yüksəliş” nəyə işarədir?

09:54 07-08-2019 554

Prezident İlham Əliyev bu günlərdə olduqca qeyri-adi və gözlənilməz addım atdı. Forma və məzmununa görə standart olmayan fərman imzalandı. Fərman çərçivəsində dövlətin bir sıra yüksək vəzifəli məmurlarından ibarət işçi qrupu yaradılır. İşçi qrupunun üzvlərinə “Yüksəliş” proqramını hazırlamaq və işə salmaq tapşırılıb. Proqramın məqsədi ölkənin yeni kadr ehtiyatını yaratmaq, namizədləri intellektual, idarəçilik istedadı və qabiliyyətləri əsasında seçməkdir.

Bu fərmanın qeyri-adiliyi ilk növbədə odur ki, bu günə qədər “prezident” kadr funksiyası nazirliklərin, qurumların və regional administrasiyaların birinci şəxslərini təyin etmək olub. Öz növbəsində, nazirlər və rəhbərlər bir çox hallarda kadr siyasətlərini özləri müəyyənləşdirirdilər. Kadrlar bu günədək faktiki olaraq iqtisadiyyat sektorları səviyyəsində həll edilən məsələ olub və qurumların rəhbərlərinin seçimi və simpatiyasını, bir çox hallarda isə onların sosial əhatəsini əks etdirib.

Fərman isə mərkəzi hakimiyyətin prioritetlərindən biri qismində hökumətin kadr tərkibinin faktiki yenilənməsini və möhkəmlənməsini elan edir, bütün sistem üzrə perspektivli “intellektual” kadrların seçimi və irəli çəkilməsi sisteminin yaradılmasını anons edir.

Proqram yeni başlayır və onun konkret nəticələri barədə danışmaq hələ tezdir. Namizədlərin seçim və onların hazırlıq metodu necə olacaq?

Potensial rəhbərlərin məlumat bazasının formalaşması hansı mərhələdə konkret təyinatlarla nəticələnəcək və onların əhəmiyyətinin miqyası necə olacaq?

Axı rəhbərin təyinatı həmişə risklidir. Və “Yüksəliş” kimi şəffaf prosesin nəticələri üzrə bu risk iki dəfə artır. “Yüksəliş”in kadrları bir sıra səbəblərə görə ictimai diqqət mərkəzində olacaq.  Buna rəğmən, bu proqramın buraxılması sistemin hərəkət istiqamətini və növbəti mümkün addımları, planları təhlil etməyə və müəyyənləşdirməyə imkan verir. Görünən odur ki, hökumətimiz meritokratiya kimi səciyyələndirməyin mümkün olduğu sistemin təşəkkülünə doğru artıq bir müddətdir addım atır və “Yüksəliş” vacib olsa da, bu istiqamətdə ilk və son addım deyil.

Nüfuzlu xarici ali məktəbləri bitirmiş, beynəlxalq təşkilatlarda və korporasiyalarda işləmiş gənc insanlar hökumətimizdə nazirlər, müavinlər, departament rəhbərləri və agentlik başçıları səviyyəsində ardıcıl olaraq cəlb olunurlar. Bu, lüzumsuz təmtəraq və piar olmadan, bir çox hallarda meşşan gözlərə sezdirmədən edilir. Regional prinsip üzrə və ya şəxsi sadiqlik, yaxud qohum əlaqələri əsasında xidmətdə irəliləyişlə bağlı əvvəlki sistem son illər faktiki olaraq aradan qaldırılıb. Nazirlər Kabinetinin üzvlərinin siyahısına baxanda Qərbdə diplom alan insanların sayına təəccüb edəcəksiniz. Hökumətlərinin şəffaf və liberal proseslə formalaşması ilə öyünən Gürcüstan və Ukrayna kimi qonşularımız bu məsələdə bizdən çox az fərqlənir. Fərq yalnız bu proses ətrafında aparılan piarın miqyasındadır. İllər göstərir ki, Prezident İlham Əliyev təmkinli, uzaqgörən siyasətçidir və populizmə meyilli deyil.

Bu iş çox ağırdır. Havadarlıq və regionçuluğun yerli xəstəlik olduğunu gizlətmək olmaz. Cəmiyyətimizin bütün hissələri əsrlərdir bu xəstəliyə tutulub. Və onun tədricən aradan qalxması, daha doğrusu, ardıcıl sökülməsi şıltaqlıq deyil, vaxtın tələbi və sosial-siyasi sifarişdir.

Dövlət xidmətimiz, ilk növbədə, insanların mənşələrini və əlaqələrini nəzərə almadan onları qabiliyyətləri və istedadları əsasında qəbul edəcəyi və irəli çəkəcəyi halda Azərbaycan inkişaf etməyə davam edəcək. Əfsus ki, tam anlamda meritokratiya əlçatmaz arzudur və dünyanın heç bir yerində mövcud deyil. Qohumluq əlaqələri, “tapşırıqlar” və loyallıq əsasında seçim istənilən sistem üçün qaçılmaz bəladır. Sadə ailələrdən çıxan istedadlı gənc insanların hökumətdə və özəl sektorda karyera qurma şansı olduğu yerlərdə iqtisadiyyat genişlənir və inkişaf edir. Ölkəyə və xalqa fayda verən, onun müstəqilliyini və inkişafını dəstəkləyən yeni növ idarəetmə elitası olmaq.

Fikrimizcə, “Yüksəliş” məhz bu barədədir. Axı, hökumət son illərdə edildiyi kimi, mütəxəssisləri və idarəçiləri kulis arxasında və xüsusi səs-küy olmadan seçməyi və dəvət etməyi davam etdirə bilərdi. İctimai elan formasının prezident fərmanı şəklində seçimi bir işarədir. İlk növbədə, axtarışın əhatəsinin genişlənməsinə işarədir. Eləcə də idarəetmə sisteminin yenidən təşkil olunmasının yubanmayacağını və ya geri çevrilməyəcəyini göstərir.

Bunun üçün isə daha çox ağıllı, təhsilli və nəcib insanlar lazımdır.

Xəzər Sosial Tədqiqatlar Mərkəzi