Çovdar nekropolunda aşkar edilmiş tapıntılar üzərində elmi tədqiqatların ikinci mərhələsinə başlanılıb

18:40 07-05-2021 892

Heydər Əliyev Fondu və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) dəstəyi ilə Çovdar nekropolunda aşkar edilmiş tapıntılar üzərində elmi tədqiqatların ikinci mərhələsinə başlanılıb.

“AzerGold” QSC və Arxeologiya və Etnoqrafiya İnstitutu arasında 2021-ci ildə imzalanmış müqaviləyə əsasən, Son tunc - Erkən dəmir dövrünün (e.ə.II min.sonu - I min. əvvəli) Xocalı-Gədəbəy mədəniyyətinə aid Çovdar nekropolunda aşkar edilmiş artefaktların kameral tədqiqi həyata keçirilir. 

Layihə çərçivəsində arxeologiya sahəsində zəngin təcrübəyə malik xarici ekspertlər də elmi tədqiqatlara cəlb ediləcək, nüfuzlu beynəlxalq laboratoriyalarda insan qalıqları əsasında onların cinsi, yaşı, xəstəlikləri, ölüm səbəbləri, qohumluq əlaqələri və qida rasionu kimi məlumatların əldə olunmasını təmin edən analizlər aparılacaq. 

Bundan başqa, Daşkəsən rayonunun Çovdar kəndi və ətraf ərazilərin poleoekoloji şəraiti, landşaftı, topoqrafiyası və tədqiq olunan dövrdə ərazidə məskunlaşma sıxlığının öyrənilməsi planlaşdırılıb. Həmçinin görülən işlər və onların nəticələrinin beyləxalq səviyyədə təbliği məqsədi ilə beynəlxalq nüfuzlu elmi dərgilərdə silsilə məqalələrin dərci, o cümlədən elmi hesabat və xüsusi nəşrin hazırlanması nəzərdə tutulub.

Xatırladaq ki, 2019-cu ilin fevral ayında “AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən “Çovdar” Filiz Emalı Sahəsində aparılan tikinti işləri zamanı qədim məzar nümunələri aşkar edilib.