İstanbul derbisini “Qalatasaray” qazandı

01:00 09-05-2021 513

Türkiyə Super Liqasında 40-cı turun oyunları keçirilib.

HerGun.Az xəbər verir ki, turun bütün oyunları eyni gündə, eyni saatda start götürüb.

Turun mərkəzi qarşılaşmasında çempionluq mübarizəsi aparan İstanbul nəhəngləri üz-üzə gəlib.

Çempionatın lideri “Beşiktaş” səfərdə “Qalatasaray”a qonaq olub. Oyun “sarı-qırmızılılar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı Rayan Babel açıb. Onun 11-ci dəqiqədəki qoluna Raşid Qezzal 42-ci dəqiqədə cavab verib. Amma ilk yarının uzatma dəqiqəsində fərqlənən Radamel Falkao “aslanlar”ı hesabda önə çıxarıb.

Matçın sonlarında fərqlənən Arda Turan fərqi iki topa çatdırıb ki, bu, qalib gəlməyə kifayət edib.

“Qalatasaray”ın bu qələbəsi çempionatda intriqanı qoruyub. Fatih Terimin yetirmələri sona iki tur qalmış 81 xala malik liderdən cəmi 3 xal geri qalır.

“Fənərbaxça” isə Super Liqada qalmaq üçün mübarizə aparan “Ankaragücü” ilə görüşdə çətin səfər qələbəsinə sevinib. Alper Potukun 3-cü dəqiqədəki erkən qoluna elə ilk yarıda Ozan Tufan cavab verib. Matçın uzatma dəqiqələrində fərqlənən Enner Valensiya isə qonaqlara 3 xal qazandıran qola imza atıb. Beləliklə, xal hesabını 79-a çatdıran “Fənərbaxça” 2-ci pillədə qalıb.

Qeyd edək ki, növbəti tur mayın 11-də, son matçlar isə 15-də keçiriləcək.